Amerikalı ekspertdən müharibə mesajı: “Rəsmi Bakı “nəbzi dəqiq tutmalıdır"”

“Etiraf etməliyik ki, tərəflər ortaq məxrəcə gəlməyiblər”

“Deməli, təxribatların, terror aktlarının təkrarlanması və yeni müharibənin başlanması gözləniləndir”

“Rəsmi Bakı prosesləri diqqətlə izləməlidir"

"Bu, təkcə diplomatların və məmurların deyil, həm də jurnalistlərin, QHT-lərin işidir”

Bəzi nəzəriyyəçilərin fikrincə, heç vaxt lokal və regional siyasət olmur. Bu, sadəcə aysberqin görünən tərəfidir. Əslində isə dünyanın istənilən nöqtəsində baş verən ictimai-siyasi hadisələrdən bütün beynəlxalq güclərin xəbəri olur. Əlbəttə, xüsusilə indiki məqamda, yəni İKT alətləri ilə kilometrlərlə məsafəni “yaxınlaşdıra” biləcəyimiz, bircə düyməyə toxunmaqla mühüm qərarlar verdiyimiz bir zamanda sözügedən iddiaya daha çox inana bilərik. Hər halda siyasi səhnənin “kulisi” heç vaxt boş qalmır. Əlbəttə, bu gün bizi ən çox maraqlandıran məhz Cənubi Qafqaz regionu, buradakı “düyünlər”, o cümlədən Qarabağ məsələsidir. Proseslər eyni bədii ədəbiyyat nümunələrinin süjet xəttində olduğu kimi, gah “zavyaska”, gah da “razvyaska” nöqtəsinə çatır. Yəni “düyün” gah vurulur, gah da açılır. Elə isə hələ bundan sonra bölgədə neçə “düyün” açılıb-bağlanacaq?

Amerikalı siyasi analitik, post-sovet ölkələri üzrə mütəxəssis, yazıçı Paul Qoble bu barədə “Sherg.az”ın suallarını cavablandırıb:

- Sizcə, müharibə niyə məhz indi başlandı?

- Konkret siyasi proseslərə həmişə mövcud durum şərait yaradır. Bilirsiniz ki, savaş ərəfəsində Qərbin başı öz daxili işlərinə qarışmışdı. Rusiya isə Ermənistan tərəfdən birbaşa iştirakçıya çevrilməyə hazır deyildi. Beləliklə, Azərbaycan lazımi qərar verdi.

- 10 noyabr bəyanatını necə qiymətləndirirsiniz?

- Sonrakı proseslər də göstərdi ki, bu sülh razılaşması yox, sadəcə niyyət elanı idi.

- Yanvarın 11-də keçirilmiş üçtərəfli görüşün əhəmiyyəti nədən ibarətdir?

- Burada vacib bir neçə məqam var: birincisi, daha müntəzəm görüşəcək işçi qruplarının yaradılmasıdır. İkincisi isə status məsələsi artıq yoxdur. Bu, unudulub və indi nəqliyyat marşrutlarının açılması gündəmdədir.

 

- Hərbi əməliyyatlar bərpa oluna bilər?

- Məsələnin hələ bitmədiyini etiraf etməliyik. İki tərəf ortaq məxrəcə gəlməyiblər. Deməli, təxribatların, terror aktlarının təkrarlanması və yeni müharibənin başlanması gözləniləndir.

- Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda pakistanlı həmkarı ilə görüşmüşdü. Bu səfər barədə nə düşünürsünüz?

- Rəsmi Bakı regional güc olmaq istiqamətində irəliləyir. Əlbəttə, bu, bütün tərəflərin, o cümlədən Türkiyənin ürəyincədir. Pakistan isə ayrı qalacağı təqdirdə nələr olacağını, hansı təhlükələrlə üzləşəcəyini yaxşı bilir. Ona görə də o da öz növbəsində Azərbaycana böyük dəstək verir.

- Qarabağdakı sülhməramlılar ermənilər açıq-aydın dəstəkləyirlər. Belə bir vaxtda biz nə etməliyik?

- Rəsmi Bakı prosesləri diqqətlə izləməli və dünyanın “nəbzini dəqiq tutmalıdır”. Bu, təkcə diplomatların və məmurların deyil, həm də jurnalistlərin, QHT-lərin işidir.

- ABŞ-dakı prezident dəyişikliyi Cənubi Qafqaza necə təsir göstərəcək?

- ABŞ-ın regiona diqqəti artacaq. İkinci bir tərəfdən isə insan hüquqları ilə bağlı narahatlıq çoxalacaq.

- Nəhayət, İran nə istəyir. O, Azərbaycanın dostudur, yoxsa?

- İranın öz maraqları var. Rəsmi Tehran sizin nə dostunuzdur, nə də düşməniniz. Əlbəttə, Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməməsi üçün münasibətləri mümkün qədər yaxşı saxlamağa çalışacaq. Amma şiəliyi təbliğ etməkdən də əl çəkməyəcək. Elə bu özü də onu göstərir ki, siyasətdə daimi münasibətlər yox, daimi maraqlar olur.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Jurnalistikanin 79 yaşlı müəllimi - VİDEO

SONRAKI XƏBƏR

18 yaşında sevgilsini vəhşicəsinə döydü-ANBAAN VİDEO