Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat

Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökümətləri arasında “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunun imzalanması tarixi bir hadisədir və Xəzərin sülh dənizi statusunun möhkəmlənməsi üçün olduqca vacib əhəmiyyət daşıyır.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, son illər iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını müşahidə edirik:

“Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanan onlarla sənəd dövlətlərarası münasibətlərə kifayət qədər müsbət təsir göstərib, əlaqələrəmizin daha da güclənməsinə səbəb olub. "Dostluq" yatağı ilə bağlı imzalanan memorandumla ilə Azərbaycan və Türkmənistan arasında həllini tapmamış hər hansı bir məsələ qalmadı”.

Ş.İsmayılovun sözərinə görə, bu yatağın birgə istifadəsi hər iki ölkənin daha da güclənməsinə, o cümlədən xalqlarımızın rifah şəraitinin inkişafı üçün yeni imkanlar yaradacaq:

“Məlum olduğu kimi, Türkmənistan dünyada nəhəng qaz rezervlərinə malik olan ölkələrdəndir. İndi isə Türkmənistan üçün Azərbaycan vasitəsilə və bizim boru kəmərlərimizdən istifadə etməklə Avropa bazarına çıxmaq imkanı yaranır. Beləliklə, bir tərəfdən Türkmənistan dövləti üçün yeni bazarlar və gəlir mənbələri formalaşır, digər tərəfdən isə Azərbaycan öz strateji tranzit mövqeyindən və layihələrindən istifadə edərək qazanc əldə edir.

Bu cür layihələrin icrası TAP və TANAP kimi layihələrin mühüm əhəmiyyətini bir daha sübut edir, bu meqalayihələrin tənqidçilərinə isə tutarlı cavab verir.

Düşünürəm ki, dövlətlərarası münasibətlərin bu cür inkişafı dövlət başçılarının şəxsi münasibətinin də yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçılarının sənədin imzalanması zamanı göstərdikləri səmimi münasibət bir tərəfdən ölkələrarası münasibətin yüksək səviyyədə olmasının göstəricisi, digər tərəfdən isə dünyaya verilən çox gözəl dostuq mesajı idi.

Artıq Xərəz dənizinin status məsələsi öz həllini tapıb, Azərbaycan və Türkmənistan arasında hər hansı bir fikir ayrılığı yoxdur. Bütün bunlar isə Xəzər dənizi üçün yeni imkanlar, o cümlədən böyük nəqliyyat, logistika layihələrinin gerçəkləşməsi üçün daha əlverişli şərait yaradır. Dövlətlərası yüksək səviyyəli müansibətlər həmçinin, ortaq tarixi köklərə, dilə, dinə malik olan xalqlarımız arasındakı münasibətlərə də kifayət qədər müsbət təsir göstərəcək”.

 

Mənbə: az.trend.az