“Hərbi sirr olduğuna görə, çox şeyi deyə bilmirik, amma…”

“Hərbi sirr olduğuna görə, çox şeyi deyə bilmirik, amma…”

Yaşadığımız informasiya cəmiyyətində medianın prioritet mövzuları hər dəqiqə, hər an dəyişir. Əlbəttə, bu, Azərbaycan KİV-i üçün də istisna deyil. Amma Vətən müharibəsi bitəndən ta indiyədək jurnalistlərimizin ən əsas vəzifələrindən biri məhz qəhrəmanlarımızı ictimaiyyətə tanıtmaqdır.

“Sherg.az” olaraq biz də öz növbəmizdə hər şeydən əvvəl vətəndaş kimi, borcumuzu qismən də olsa ödəmək məqsədilə şəhid və qazilərimiz haqqında silsilə yazılar hazırlayırıq. Budəfəki müsahibimiz isə 1995-ci il təvəllüdlü Elnur Şabanzadədir. O, bizə açıqlamasında deyib:

“Gəncədə anadan olmuşam. Azərbaycan Texnologiya Universitetindən təhsil almışam. Hazırda İMZA Sosial İnkişafa dəstək İctimai Birliyinin Qərb regional nümayəndəsinin sədr köməkçisiyəm.

Eyni zamanda “Kəpəz” müstəqil teleradio şirkətində xəbərlər departamentinin montajçısı kimi çalışıram. Gəncə şəhər Nizami rayonu səfərbərlik idarəsi sentyabrın 21-də məni təlim toplanışa çağırdı.

Ayın 27-dən etibarən Kəlbəcər istiqamətindəki döyüşlərdə iştirak edirdim. Vəzifəm sanitar-təlimatçı idi. Yəni yaralı və şəhidləri təxliyə edirdim. Dekabrın 31-də tərxis olundum. Əlbəttə, hərbi sirr olduğuna görə, çox şeyi deyə bilmirik, amma həmişə fəxr edəcəyim günlər idi. Şükür Allaha ki, Vətənə borcumu ləyaqətlə yerinə yetirə bildim”.

Mənbə: sherg.az