Tenderlərdə şişirtmələrə son qoyulacaq? Nazirlər Kabineti öz fəaliyyətini müzakirə etdi – AÇIQLAMA

Tenderlərdə şişirtmələrə son qoyulacaq? Nazirlər Kabineti öz fəaliyyətini müzakirə etdi – AÇIQLAMA

Dövlət satınalmalarının, tenderlərin qeyri-şəffaf keçirilməsi, burada şişirtmələrə və korrupsiyaya yol verilməsi medianın daim müzakirə etdiyi mövzulardandır. Son dövrlərdə isə bu məsələ dövlət qurumlarında da müzakirə predmetinə çevirilib.

Məsələn, dünən Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə müzakirə olunan məsələlərdən biri də bu olub.

Belə ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub. Bu tapşırıqların bəndlərindən biri isə belədir:

Dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir.

Maraqlıdır, ölkəmizdə illərdir hökm sürən, dövlət büdcəsində külli miqdarlarda ziyan vuran və korrupsiya yeminə çevirilən dövlət satınalmaları və tenderlərin şəffaflığının təmin edilməsi mümkün olacaqmı?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu hökumətin atacağı addımlardan asılı olacaq:

“Nazirlər Kabineti dövlət satınalınmalarına və tenderlərə nəzarət mexanizmləri əlində olan təşkilatdır. Bundan başqa nazirliklər, dövlət idarələri də Nazirlər Kabinetinin sərəncamındadır. Satınalmalarda da dövlət şirkətləri və dövlət orqanları – nazirliklər, idarələr iştirak edir. Bunun qarşısını almaq da Nazirlər Kabinetinin özünün atacağı addımlardan asılı olacaq”.

İqtisadçı deyir ki, tenderlər şəffaf olmalıdır, bunun üçün rəqabətli mühit təmin olunmalıdır:

“Tenderlerdə medianın iştirakı təmin edilməlidir. Məsələn, Türkiyədə dövlət satınalmaları bibaşa televiziyalarda canlı yayımda keçirilir. Bunlar baş verməlidir, illərdir biz bununla bağlı problemləri qaldırırıq. Nazirlər Kabinetinin müşavirəsində bu məsələnin müzakirə olunması əslində öz sahəsindən şikayət etməyə bənzəyir. Yəni Nazirlər Kabineti bu işlərlə onsuz da məşğul olmalı idi. Nəyə görə məşğul olmayıb. Bundan sonra buraxılan səhvlərin düzəldilməsi üçün hansı addımların atılacağı, mexanizmlərin yaradılacağı önəmlidir. Təəssüf ki, bununla bağlı hələlik hansısa ipucları yoxdur. Amma obrazlı desək, velosipedi yenidən icad etməyə ehtiyac yoxdur. Tender və satınalmalarda şəffaflığın təmin edilməsinin yolları bəllidir – rəqabət, medianın, vətəndaş cəmiyyətinin nəzarəti olmalıdır. Bunlar dövlət satınalmalarında, tenderlərdə şişirtmələrin, korrupsiya hallarının qarşısını alacaq alətlərdir. Bu alətlər çoxdan məlumdur və nəyəsə görə indiyədək bundan istifadə olunmayıb”.

Xatirə Nəsirli

Mənbə: cebhe.info