20 dollarlıq əskinaslar dəyişir - SƏBƏB

20 dollarlıq əskinaslar dəyişir - SƏBƏB

Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.
Demokratlar partiyasının namizədi Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-da bir sıra yeniliklərin baş verəcəyi gözlənilir. Onlardan biri də 20 dollarlıq əskinasların üzərindəki təsvirin dəyişdirilməsi ilə bağlıdır.
Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla yaydığı xəbər görə, bu barədə Ağ Evdən açıqlama verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, 20 dollarıq əskinasların üstünə ABŞ-ın 7-ci prezidenti, quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun rəsminin yerinə aktivist Harriet Tabmanın təsviri vurulacaq. C.Psaki hazırda prezident Co Baydenin tapşırığı ilə bu prosesin sürətləndirilməsi yollarının araşdırıldığını da vurğulayıb.
Qeyd edək ki, bu barədə qərar hələ Barak Obamanın hakimiyyətdə olduğu dövrdə, 2016-cı ildə qəbul edilsə də, həmin il prezident seçilən Donald Tramp bu fikrə qarşı çıxmışdı. O, əskinasların üzərindəki rəsmləri dəyişdirmək yerinə, dolların saxtalaşdırılmasının qarşısını almağa imkan verən tədbirləri artırmağı və bu işə vəsait ayırmağı daha məqsədəuyğun hesab etmişdi.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni 20 dollarlıq əskinasların 2028-ci ildən əvvəl dövriyyəyə buraxılmayacağını bildirmişdi. Bayden hökumətində maliyyə naziri postunu tutacağı gözlənilən Janet Yellen isə bu prosesi sürətləndirmək fikrindədir.
C.Psaki onu da vurğulayıb ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.
Xatırladaq ki, keçmiş prezident Donald Tramp Amerikanın yerli hindu tayfalarının sürgün edilməsi təşəbbüsünü irəli sürmüş və quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun pərəstişkarı olduğunu dəfələrlə dilə gətirmişdi.

Mənbə: teref.az