Dünya ölkələrinin müdafiə xərcləri artıb

Son illər dünya ölkələri sürətlə silahlanır. Bu səbəbdən hərbi xərclər də sürətlə artmaqda davam edir. Belə ki, ötən il dünyada müdafiə xərcləri artaraq, 1,93 trilyon dollara çatıb. Bu barədə məlumatı “Jane`s” informasiya analitik mərkəzi açıqlayıb.

Məlumatda bildirilir ki, 2020-ci ildə artım 2019-cu illə müqayisədə 1,9 faiz çox olub. Dünyanın ümu­mi müdafiə xərcinin 2 faizi Rusiya və MDB ölkələrinin payına düşüb. Müdafiə xərcləri baxımdan ən böyük artım Avropada qeydə alınıb – 5,6 faiz.

Mərkəz 2021-ci ildə dünyanın hərbi xərclərinin artımının pandemiya ucbatından zəifləyəcəyini bildirib: “Pandemiyanın maliyyələşməyə ən ciddi təsiri böyük ehtimalla 2022- ci ildə qeydə alınacaq. Bu tarixdə hökumətlər xərcləri məhdudlaşdıracaqlar. Bu­nunla belə müdafiə xərcləri 2030-cu ilə qədər 2,23 trilyon dollara yüksələcək”. Mərkəz MDB və Rusiyanın hərbi xərclər baxımından payının 2030-cu ildə 3 faizə yüksələcəyini qeyd edib.

2020-ci ildə hərbi xərclər baxımından ən böyük payın Şimali Amerikaya düşdüyü bildirilib. Belə ki, Şimali Amerika dünyanın hərbi xərclərinin 40 faizinə sahib olub. Ondan sonrakı yerlərdə Asiya-Sakit okean regionu (28 faiz), Qərbi Av­ropa (15 faiz), Yaxın Şərq və Şimali Afrika (9 faiz), Latın Amerikası (3 faiz), Rusiya və MDB (2 faiz), Şərqi Avropa (2 faiz), Böyük Səhradan cənubdakı Afrika (1 faiz) qərarlaşıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Konsertdə koronavirusdan bu yolla qorundular - FOTO

SONRAKI XƏBƏR

Harri Potterin macəraları barədə serial hazırlanacaq