"Altılıq formulu" reallaşmaq üzrədir

"Tehran hökuməti Azərbaycanın bölgədəki güclü rolunun şahidi oldu"

Azərbaycana səfər edən İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşüb. İki ölkə arasında əməkdaşlıqdan danışan İran təmsilçisi bildirib ki, energetika, Qarabağda yenidənqurma və kənd təsərrüfatı kimi sahələr İran üçün prioritet təşkil edir. Tehran Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrdə ən perspektivli sahə kimi kənd təsərrüfatını, turizmi və energetikanı görür. Nazir əlavə edib ki, İran şirkətləri vaxt itirmədən Qarabağda işə başlamağa hazırdır.

Zərifi qəbul edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olar. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra İranla dövlət sərhədimiz tam bərpa edilib. Yəni torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda iqtisadi əlaqələr üçün yeni imkanlar meydana çıxıb. Nəzərə alaq ki, Azərbaycanla İran Şimal-Cənub nəqliyyat dəhlizinin üzvüdür.

Bu layihənin məqsədi Rusiyadan-İran və Şərqə, eləcə də Şimali və Qərbi Avropaya doğru yük çatdırılma müddətini azaltmaqdır. Ümumiyyətlə, Bakı və Tehran iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Siyasi şərhçirlər də hesab edirlər ki, iqtisadi əlaqələr İranın “Qarabağ probleminə” münasibətinə görə enişli-yoxuşlu olsa da, daim irəliləməkdədir.

 

İki ölkə arasındakı əlaqəni “Şərq”ə təhlil edən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, İranın regionda öz maraqları var. Politoloqun sözlərinə görə, İranın müharibə dövründə sərgilədiyi yanaşma rəsmi Bakını qane etdi:

“Dövlət başçısı İlham Əliyev İranla bağlı fikirlərini bəyan edərkən regional əməkdaşlıq formulu kimi “altılıq formatı”nı gündəmə gətirmişdi. Vurğulamışdı ki, bölgənin altı ölkəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İran birlikdə əməkdaşlıq edə bilər.

 

Regionumuzda qalıcı stabilliyə, təhlükəsizliyə nail olmaq üçün Prezidentin təqdim etdiyi “altılıq” platforması xüsusi əhəmiyyətə malikdir. Əgər İran və Ermənistan bu istiqamətdə addım atarsa, nəticələr həm iqtisadi, həm də siyasi baxımdan əlverişli olar.

İlk növbədə bölgə dövlətləri arasında müvafiq sazişlər, anlaşmalar imzalanmalıdır. İranın xarici işlər nazirinin Bakı səfəri, daha sonra regionun digər ölkələrinə yola düşməsi, çoxsaylı görüşlər keçirməsi məhz “altılıq formulu”nu reallaşdırmaq məqsədinə xidmət edir”.

F.Sadıqov qeyd edib ki, Tehran hökuməti Azərbaycanın bölgədəki güclü rolunun şahidi oldu: “İranın indiki mövqeyi rəsmi Bakının maraqları ilə üst-üstə düşür.

O baxımdan əlaqələrin normallaşması və inkişafı zəruridir. İki ölkə arasında həm nəqliyyat-kommunikasiya xətlərinin, həm də iqtisadi əlaqələrin genişləndirilməsində hədəf regionun təhlükəsizliyidir. Zaman-zaman İranla problemlər yaşasaq da, danışıqlar əsasən bu yöndə gedir”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı alimlərdən yenilik: İstifadə olunan qoruyucu maskaları tikinti materiallarına çevirəcəklər

SONRAKI XƏBƏR

Leonardo Di Kaprio Cozef Baydenə açıq məktub yazdı