“Rusiya Ermənistanın “DQR”-i tanımasına imkan verməyəcək” - GƏLİŞMƏ

“Rusiya Ermənistanın “DQR”-i tanımasına imkan verməyəcək” - GƏLİŞMƏ

Qarabağ erməniləri yenidən, İrəvan və xarici dövlətlər tərəfindən “DQR”-in tanınması imkanlarını müzakirə edirlər. Bu barədə “DQR Xarici İşlər Nazirliyi”nin rəhbəri David Babayan bugünlərdə “Sputnik Ermənistan”-a verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, tanınma “Artsax”ın “xarici siyasətinin” gündəmində qalır: “Bu günün vacib vəzifələrindən biri subyektliyimizi qorumaqdır: əvvəlcə qorumaq, sonra gücləndirmək. Bu, faktiki tanınmanın vacib sahələrindən biridir, yəni, geosiyasi amil olaraq qalmaq istəyiriksə, o zaman hər addımımızı bu istiqamətdə atmalıyıq. Bunun ardınca de-yure tanınma gəlir. Bu, davamlı, uzun müddət cəkəcək bir prossedir”.
“Hər zaman demişəm ki, de-yure tanınma - mənəvi və ya hüquqi bir kateqoriya deyil. Burada geosiyasi amillər həlledicidir. Tanınma prosesini tərk etməyəcəyik, əlbəttə ki, bu istiqamətdə çalışmağa davam edəcəyik. Ancaq subyektliyimizi qorumağımız çox vacibdir, bu olmadan heç bir tanınma gözləmək mümkün deyil. Bir subyekt olaraq rolumuzu itiririksə, o zaman bir amil olaraq yox oluruq, onda bu cür tanınma kimə lazımdır? Başqa ölkələrin Artsaxın müstəqilliyini tanıması bizim üçün daha vacibdir”, - deyə o, iddia edib.
Bugünkü şəraitdə Babayanın dedikləri nə qədər mümkündür? Xatırladaq ki, ötən ilin noyabr-dekabr aylarında Fransa və digər bir neçə Avropa dövlətinin parlamentləri qəbul edilmiş qətnamələrin köməyi ilə ölkələrinin hökumətlərini “DQR-in müstəqilliyini” tanımağa təşviq etməyə çalışdı, amma sonra bütün bu fəaliyyətin aktivliyi sıfıra endi.
İndi Avropa ölkələrinin buna ehtiyacı varmı? Hansı şərtlərdə belə “tanınma” baş verə bilər? Və Ermənistanın özünün “DQR”-i tanımaq ehtimalı nə qədərdir? Rəsmi İrəvan üçün bunun nətciələri necə ola bilər? AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.
Ukrayna “Strateji XXI əsr” Qlobal Tədqiqatlar Mərkəzinin rəhbəri, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar:
“İrəvan, Xankəndi və erməni diasporunun “Artsax Respublikası”nın beynəlxalq səviyyədə tanınmasına görə fəaliyyəti keçmişdə heç bir yerə gətirib çıxarmadı. Son illərdə 8 Amerika və 1 Avstraliya ştatında, habelə İspan Basklar regional parlamentində qəbul edilmiş “Dağlıq Qarabağ Respublikası xalqının öz müqəddəratını təyinetmə hüququ”na dəstək verən qətnamə böyük bir uğur kimi qəbul edilə bilməz.
Hətta, 25 noyabr 2020-ci ildə Fransa Senatında müvafiq bir qətnamə qəbul edilməsinə baxmayaraq, gələcəkdə də bu məsələnin uğur qazanacağına inanmaq çətindir. Üstəlik, Ermənistan özü də “Artsax Respublikası”nı tanımayıb. Ancaq bu, baş versə belə, çətin ki, beynəlxalq tanınmanın zəncirvari reaksiyasına səbəb ola bilər. Parlaq bir nümunə Şimali Kipr Türk Cümhuriyyətidir. Ankara xaricində hər kəs tərəfindən tanınmamış olaraq qalır”.
Almaniyalı professor, “Welt Trends” Beynəlxalq Siyasət İnstitutunun direktoru Aleksandr Rar:
“İndi Qərbin Dağlıq Qarabağın “tanınması” kimi problemlərlə məşğul olmağa vaxtı yoxdur. Qərbin həll edilməsi lazım olan bir yığın problemi var. Və Qrəbdə “tanınmaya” bənzər bir şey başlayarsa, Rusiyanın səbri tükənə bilər. Axı, Moskva müharibəni dayandırdı, türklərlə birtəhər də olsa, razılığa gəldi, Azərbaycanı itirmədən üstünlüklərə imza atdı, NATO-nu Qafqaza buraxmadı.
Bəs, indi - Ermənistana “DQR”-in müstəqilliyini tanımağa və bununla da Pandora yeşiyini açmasına icazə verərək, bu diplomatik uğurları riskə atmalıdır? Xeyr, bu olmayacaq!”.//ayna.az//

Mənbə: teref.az