“Ermənistan qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməlidir”

“Ermənistan qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməlidir”

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan və sülh” başlıqlı məqaləsi dərc edilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən REAL-a verilən məlumata görə, adıçəkilən qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqda qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur bölgəsinin sovet rəhbərliyi tərəfindən Ermənistana bağışlanması, erməni təcavüzünün tarixi, münaqişə ərzində erməni tərəfinin törətdiyi insanlıq əleyhinə cinayətlər və münaqişənin beynəlxalq hüquqi aspektləri barədə məlumat verib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə son 30 ilə ərzində Ermənistan tərəfindən məhəl qoyulmadığını deyən səfir, bu sənədlərin növbəti erməni təxribatı nəticəsindən başlanmış 44 günlük müharibə zamanı hərbi-siyasi yolla öz icrasını tapdığını, azad olunmuş şəhərlərimizin işğalçılar tərəfindən dağıdıldığını və burada ölkəmizə aid tarixi-mədəni irsin məhv edildiyini bildirib.

Qondarma “erməni soyqırımı” ilə Holokost arasında paralellər aparılması, habelə İsrailin Azərbaycana yardım etməsi ilə bağlı arqumentlərə münasibətdə diplomat Azərbaycanın İsrail dövləti və yəhudi xalqı ilə yaxın münasibətləri olduğu, ölkəmizin ümumiyyətlə bütün dünyada çoxmədəniyyətlilik məkanı kimi tanındığı, burada yəhudi, erməni, gürcü, rus və digər 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların əsrlər boyu sülh içində birgə yaşadığı, Roma papası Fransiskin ölkəmizə səfəri zamanı Azərbaycanı tolerantlıq modeli adlandırdığını qeyd edib və erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş, yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun Bakıda abidəsi olduğu halda, Ermənistan paytaxtında Holokostın birbaşa iştirakçısı, nasistlərin işbirlikçisi Qaregin Njdenin heykəlinin ucaldılması arasında kontrasta diqqət çəkib.

Türkiyənin müharibədə Azərbaycan tərəfindən birbaşa iştirak etməsi arqumentinin əsassız olduğunu, istər Türkiyə, istərsə də Pakistan, İsrail, Ukrayna və digər ölkələrin münaqişədə beynəlxalq hüququ və beləcə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Sonda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 11 yanvar bəyanatının regionda kommunikasiyalar və nəqliyyat infrastrukturunun bərpasını nəzərdə tutduğu, iki ölkə arasında davamlı sülhün yaradılmasının regionun bütün xalqlarına fayda gətirəcəyi, bunun üçün Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli olduğu, bu ölkənin dostlarının da onu daha da qızışdırmaq əvəzinə, onu barışığa səsləməli olduğu qeyd olunub.

Mənbə: www.realtv.az