Paşinyanın pasportu oğurlanıb, yoxsa Ovanisyan onu Qazaxıstanda yaşayan azərbaycanlıdan alıb? “DEDİ PASPORT MƏSƏLƏSİNDƏ BİZƏ KƏRƏMOV KÖMƏK EDİR...”

Paşinyanın pasportu oğurlanıb, yoxsa Ovanisyan onu Qazaxıstanda yaşayan azərbaycanlıdan alıb? “DEDİ PASPORT MƏSƏLƏSİNDƏ BİZƏ KƏRƏMOV KÖMƏK EDİR...”

Ermənistanda baş nazir Nikol Paşinyanın diplomatik pasportunun “azərbaycanlının əlinə keçməsi” ətrafında qalmaqal qaldırılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qalmaqalı sosial şəbəkələrdə Ermənistandan deportasiya edilmiş Qazaxıstan vətəndaşı, beynəlxalq məsələlər üzrə ekspert və “Orbeli” mərkəzinin keçmiş rəhbəri Andranik Ovanisyan qaldırıb. O, videomüraciət yayaraq bildirib ki, Qazaxıstanda yaşayan azərbaycanlıdan Paşinyanın adına diplomatik pasport sifariş verib və alıb.

Andranik Ovanisyan Paşinyanın pasportunu necə əldə etdiyi haqda danışır...

Ovanisyan deyib ki, Mərkəzi Asiyada hazırda əllərində Ermənistan pasportu olan, erməni dilində danışan səkkiz etnik azərbaycanlı var. Videoda Ovanisyan diplomatik pasport nümayiş etdirir və orada baş nazir Nikol Paşinyanın adı, familiyası, fotoşəkli yer alır. Ovanisyanın dediyinə görə, azərbaycanlılar yeyib-içmək məclislərindən birində sərxoş halda onu çeçen hesab ediblər və Ermənistan pasportuna malik olduqlarını deyiblər. Pasportları haradan aldıqları barədə soruşanda isə onlar deyiblər ki, “məxməri” inqilabdan sonra Ermənistanın yüksək vəzifəli şəxslərindən informasiyalar alırlar. “Pasportlar məsələsində isə onlara Milli Təhükəsizlik Xidmətinin rəhbəri Kərəmov (xidmətin artıq istefa vermiş keçmiş rəhbəri Arqişti Kərəmyan nəzərdə tutulur) kömək edir”.

 

Andranik Ovanisyanın iddiasına görə həmin azərbaycanlılar ona pul əvəzində 2-3 həftə ərzində Ermənistan pasportu təşkil edə biləcəklərini deyiblər. Ovanisyan isə onlardan baş nazir Nikol Paşinyanın adına diplomatik pasport sifariş edib. Pasport böyük məbləğə başa gəlib və Qazaxıstandan olan etnik ermənilər öz aralarında pul cəmləyərək onu alıblar. Nəticədə 2020-ci il noyabrın 7-dən etibarən həmin pasport Ovanisyanın əlindədir.

Bu videomüraciət sosial şəbəkələrdə geniş rezonans doğurub, bir çoxları Ovanisyanın danışdıqlarına inanmayıblar, pasportda imza yerinin boş olduğunu ona xatırladıblar.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan isə KİV-lərə bildirib ki, əslində Paşinyanın diplomatik pasportu noyabrın 10-da onun iqamətgahına basqın edən etirazçılar tərəfindən oğurlanıb. “Hökumət binasına hücum edənlər 14 diplomatik pasportu oğurlayıblar, onların arasında baş nazirin pasportu da olub. Pasportlar həmin gün ləğv edilib”,-o deyib.

Lakin oğurlanan pasprortun Qazaxıstanda yaşayan Ovanisyanın nümayiş etdirdiyi pasport olub-olmadığı dəqiqləşdirilmir.

Mənbə: virtualaz.org