Ermənistan iddialarından əl çəkərsə, bu prosesin tərkib hissəsi ola bilər - Hikmət Hacıyev

Ermənistan iddialarından əl çəkərsə, bu prosesin tərkib hissəsi ola bilər - Hikmət Hacıyev

Bu gün beynəlxalq münasibətlərdə hər hansı sistemli yanaşma mövcud deyil. Beynəlxalq hüququn aliliyi qorunmur. Azərbaycan öz şəxsi təcrübəsində də bunu görüb.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinardakı çıxışında bildirib.

Beynəlxalq sülhə və təhlükəsizliyə cavabdeh qurumların fəaliyyətlərinin səmərəsiz olduğunu söyləyən Hikmət Hacıyev deyib: “Bu gün müxtəlif ölkələr arasında gərginliklər getdikcə daha da artır. COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklər, böhran şəraiti insanların və dövlətlərin davranışlarına da təsir edir”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan işğala son qoymaqla regionda yeni reallıqlar, əməkdaşlıq imkanları yaratdı. Bu xüsusda Azərbaycan və Türkiyənin üzərinə də yeni vəzifələr düşür. Azərbaycan-Türkiyə əməkdaşlığının regionun və Avropanın enerji mənzərəsinin dəyişdirilməsindəki rolundan bəhs edən şöbə müdiri deyib: “Hesab edirəm ki, Türkiyə regionumuzda davamlı sülhün əldə olunmasında da önəmli rola malikdir. Bu xüsusda Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatını qeyd etmək istərdim. Bu, dövlətlər arasındakı əməkdaşlığı, inteqrasiyanı nəzərdə tutan ideyadır. Əgər Ermənistan Azərbaycana və qardaş Türkiyəyə qarşı iddialarından əl çəkərsə, onlar da bu prosesin tərkib hissəsi ola bilərlər”.

Mənbə: ednews.net