Mediamız: dünən, bu gün, sabah

Mediamız: dünən, bu gün, sabah

Qəzetlərə yardım yox, müstəqillik lazımdır

Töhmət edir qəzetçilər, məşəri-nası bir belə!..

Özlərinin, inanın ki, yox fəhmü zəkası bir belə!..

Mənim kimi aqil olsalar, şüğl edələr oğurluğu,-

Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə!..

Cümlə məarif əhlinin haləti göz önündədir,

Vəchi-məaşı bir belə!.. Dərdü bəlası bir belə!..

(M.Ə. Sabir)

Hər hansı bir yazını başlamazdan əvvəl daha şairimiz, Azərbaycan satira şerinin əvəzolunmaz simalarından biri, rəhmətlik Sabir əfəndinin şeirlərinə göz gəzdirməyin bir növ adətkarı olmuşam. Bu gün də istisna olmadı.

Məlumdur ki, son zamanlar müzakirə olunan mövzular arasında Azərbaycanda medianın durumu məsələsi də önəmli yer tutur. Əli Həsənovun qoyduğu miras, görünür çox ağır olub və onun yerinə gələn qüvvələr bu vəziyyətdən çıxış yolları axtarışındadırlar.

Açığını deyim ki, istər Mətbuat Şurası (MŞ), istərsə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılan zaman onların ölkə mediasının inkişafına hər hansı formada yardımçı olacaqlarına inamım yox idi. Əksinə, düşünürdüm ki, bu qurumların yaradılmasında məqsəd Azərbaycan mediasının müstəqilliyini və sərbəstliyin əlindən almaq və məhv etməkdir. Düşündüyüm kimi də oldu. Bu barədə həmkarlarımla da dəfələrlə söhbətim olmuşdu.

"Yıxılanı vurmazlar",-deyib atalarımız, mənim də, əsla yıxılanları baltalamaq kimi bir istəyim yox. Məhz bu səbəbdən də, bugün mediamızda mövcud olan real vəziyyət barədə bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Düşünürəm ki, bunun üçün bir qədər geriyə sovet dönəminə nəzər salmaq lazımdır. Sosial şəbəkələrdə apardığım axtarışlara baxmayaraq, o dövrdə Azərbaycanda olan kommunist partiyasının üzvlərinin sayını öyrənə bilmədim.

Hesab edirəm ki, bu rəqəm maksimum 100-150 min nəfər ancaq olardı. Lakin sovet ideologiyasını və bundan doğan digər məsələləri təbliğ edən qəzetlərin sayı məhdud olsa da, tirajları ən aşağı həddə olan qəzetlərdə belə, 50-60 mindən aşağı düşmürdü. Deyə bilirsiniz ki, o dövrdə məcburi abunə deyilən bir məsələ də var idi. Bəli, bunu inkar etmirəm. Ancaq, bu məcburiyyət bir növ məcburi-könüllü xarakter daşıyırdı. Çünki o dövrdə ölkənin bir nömrəli qəzeti olan "Kommunist" qəzetinin birillik abunə haqqı təxminən 6-7 manat idi. Elə insanlar var idi ki, 10 qəzetə abunə olunurdular və bu da ümumilikdə cəmi 60-100 manat pul aparırdı. İnsanların da bu məbləği ödəmək imkanları var idi. Buna görə də heç bir narazılıq yaranmırdı. Onu da yaddan çıxarmayaq ki, o dövrdə səhər- səhər qəzet köşkləri qarşısında böyük növbələr olurdu, bu növbələrdə gözləməkdənsə, abunə olmaq daha sərfəli idi. Həm də abunə haqqı, parakəndə satışdan daha ücuz olurdu. Məsələn, "Azərbaycan Pioneri" qəzetinin abunə həqqı illik 1 manat 8 qəpik, "Azərbaycan gəncləri" qəzetinin abunə haqqı 3 manat 60 qəpik idi. Burada müəyyən səhvlər ola bilər, buna görə üzr istəyirəm, rəqəmlər tam yadımda qalmayıb. Bunu sadəcə bir misal olaraq qeyd etdim, Bu gün isə bir qəzetin qiyməti bir çörəyin qiymətindən bahadır. Nəzərə alsaq ki, hazırda gündəlik çörəkpulu tapa bilməyən insanlar var, onda kim çörək əvəzinə qəzet alar?

Bugün ölkədə ən yüksək tirajla çap olunan ictimai -siyasi qəzetlərin tirajı 5 min həddini keçmir. Min nüsxə qəzet çap etdirən (qeyd edək ki, onun da 90 faizi "vozvrat"-satılmayan nüsxələrdir) media kapitanları iddia edir ki, onun rəhdərlik etdiyi mətbu orqan ictimaiyyətə təsir gücünə malikdir. Heç kim də bunu qarşılığında soruşmur ki, kimi aldadırsan ay dili qafil? Son on ildə qəzetlər arasında ayrı-seçkiliyin, tanınan-tanınmayan damğasının vurulması da KİVDF-nin və onu yönləndirən Əli Həsənovun xidmətidir. Çox maraqlıdır ki, həmin komanda bugün də bütün yollardan istifadə edərək özünü cəmiyyətə sırımağa çalışar. Diqqət edin, Azərbaycan mediasının problemləri harada müzakirə olunursa, yenə də başda köhnə komandanın üzvlərini görürsən. Onların isə müasir mətbuatda hər hansı bir dinamika yaratmaq maraqları yoxdur və bunu bacarmazlar, məqsədləri isə sadəcə olaraq gündəmdə qalmaqdır. Bu da bir növ, Məşədi İbad demişkən, onların şakəridir. Çünki bu statusları əllərindən çıxarsa, onları cəmiyyətdə heç kim tanımayacaq, bu isə bəziləri üçün böyük dərddir.

İkinci bir problem, qəzetlərə munasibətdir. O dövrdə oxucu axtardığı informasiyanı aldığı qəzetlərdə tapırdı. Oxucuların şikayət və təkliflərinə çox həssaslıqla yanaşılır, hər birinə cavab verilirdi. Heç bir məmur istəməzdi ki, onun adı mətbuatda hallansın, bu onun karyerasının sonu olardı. Mətbu sözünə ən yüksək səviyyədə önəm verilirdi. Hər bir tənqidi yazıya dövlət səviyyəsində münasibət bildirilirdi. İndi isə bunların heç biri yoxdur. Məmur özbaşınalığı, rüşvətxorluq, korrupsiya, inhisarçılıq (eyni zamanda reket jurnalistika) kimi halların ölkəmizdə geniş vüsət alması, məhz mətbuata yüksək səvviyyədə soyuq münasibətdən qaynaqlanır.

Açığını desəm, Azərbaycan mətbuatının dünəni, bu günü və sabahı çox geniş mövzudur və onu bir qəzet yazısında tam əhatə etmək mümkün deyil. Bunun üçün gərəkdir ki, böyük bir elmi əsər yazasan, o da artıq tədqiqatçıların işidir.

Media və qəzet çapı sahəsində 50 ilə yaxın staja malik insan kimi, bu sahənin problemlərin və həlli yolların gözəl bilirəm, heyhat görünəni odur ki, mənim bilgim və təcrübəm bu gün heç kimə lazım deyil. Bugün bu sahədə 5-10 gün işləyənlər belə, özlərini müasir medianın "generalları", ekspertləri hesab edir və hansı tərəfə baxırsan, onlara rast gəlirsən. Bu insanların, əslində məqsədləri sadəcə pul qazanmaqdır və görünəni də odur ki, onlar bunu bacarırlar. Məhz buna görə də, bugün Azərbaycan mediası bu durumdadır. Belə olmasaydı, son 10-15 ildə Azərbaycan mediası "ailə mediasına" çevrilməzdi. Bugünkü medianın ən ümdə problemlərindən biri də budur. Mən inkar etmirəm ki, bir ailədə bir neçə jurnalist ola bilər. Yazmağı bacarırsa, qoy olsun. Amma, faktlar başqa şey deyir... Buradan da bir çox neqativlər meydana çıxır. Məsələn, qəzet reketçiliyi, artıq sayt reketçiliyi termini də ortaya çıxıb. Bəzilərinin "qəzet rekeçiləri" adlandırdıqlarının bir qismi isə saytlara transfer edib və fəaliyyətlərini elektron mediada davam etdirirlər.

Mən isə mətbuatda reket terminini əsla qəbul etmirəm. Çünki bu, kriminal sahəyə aid bir məsələdir. Mən hələ eşitməmişəm ki, hansısa bir jurnalist kiminsə uşağını oğurlayıb, yaxud da başına silah dirəyib pul tələb edib. Azərbaycanda bu məsələni daha çox Mətbuat Şurası şişirdib ortaya çıxarıb ki, fəaliyyət görüntüsü yaratsın və bəzi qəzetləri özündən asılı vəziyyətə saxlasın, burada başqa bir məqsəd yoxdur. Məhz buna görə də, MŞ bütün mübahisəli məsələlərdə jurnalistləri və medianı müdafiə etmək əvəzinə, həmişə quldur və talançı rüşvətxorların yanında olub. Məqsəd isə hər kəsə bəllidir...

O başqa bir məsələdir ki, ölkəmizdə təəssüf ki, geniş vüsət almış "dilənçi" jurnalistlər və dilənçi media şəbəkəsi var.

Az-çox tanınanlar KİVDF kimi qurumlar vasitəsi ilə dövlətdən dilənir, digərləri isə talançı, quldur məmurlardan. MŞ isə nədənsə onları öz adları ilə çağırmır, reket adlandırır. Əgər MŞ-nın təsisçilərinə diqqət etsəniz görəcəksiniz ki, onların böyük əksəriyyəti də, məhz dilənçi medianın təmsilçiləridirlər. Azərbaycanın media qurumları da, məhz bu səbəbdən ələbaxımlığa öyrəniblər və imkan düşdükcə dövlətdən yardım dilənirlər. Bilirsiniz ki, belə bir məsəl var: "kim pul verir, o da musiqi sifariş edir". Buna görə də, Azərbaycan mediası bir növ "çinlilərə" oxşayır, sadəcə olaraq adları fərqlidir.

Deyəsən, çox dərinə getdim. Bir qədər də müasir mediamız barədə düşüncələrimi bölüşmək istəyirəm. İlk öncə onu deyim ki, belə bir məsəl də var : "toplananların yerini dəyişməklə cəm dəyişməz". Qafqaz xalqlarının həm də belə bir adəti var, yeni doğulan uşaq uzun muddət xəstələnərsə, onu adını dəyişirlər və uşaq sağalır. Bu bir inanc olsa belə, faktdır. Bugünkü mediamız da sağalmaz xəstəliyə düçar olub, buna görə də ümid etmək istəyirəm ki, yeni yaranan Medianın İnkişafı Agenitliyi KİVDF-nin yolunu davam etdirməyəcək, mediamızın inkişafı və sağlamlığı naminə yeni konsepsiya hazırlayacaq və bu istiqamətdə müstəqil mövqe ortaya qoyacaq. Eyni zamanda mediamızın müstəqilliyini təmin edəcək.

Azərbaycan mediasının əsas problemlərindən biri də, heç şübhəsiz ki, reklam bazarıdır. Azərbaycan mediası nə üçün reklam əldə edə bilmir? Bunun birinci və əsas səbəbi oxucu problemidir. Heç kimin alıb üzünə baxmadığı qəzetə kim reklam verər? İkincisi, ölkəmizin satış bazarının böyük hissəsinin məmur inhiasarında olmasıdır. Heç bir məmur onu tənqid edən media orqanına reklam verməz. Üçüncüsü, media bazarında olduğu kimi, digər istehlak bazarlarında da alıcı qıtlığıdır. Potensial alıcı olan Azərbaycan vətəndaşı televiziyada, qəzetdə və digər informasiya daşıyıcılarında hər hansı bir məhsulun reklamını görür, onu almaq istəyir, amma buna maddi imkanı yoxdur. Kredit faizləri isə çox yüksəkdir. Məhz bu səbəbdən də nə istehsalçılar, nə də satış mərkəzləri qəzetlərə reklam verməkdə maraqlı deyillər. Reklam verən görsə ki, həmin reklamdan sonra onun məhsulunun satışında müsbət tendensiya var, reklam verməkdə davam edəcək, yoxdursa, bundan vaz keçəcək.

Gördüyünüz kimi, medianın inkişafında bütün məsələlər oxucunun imkanına bağlanır. Burada isə bir məsələ ortaya çıxır, oxucu qəzetlərdə nəyi görmək istəyir? Müasir Azərbaycan mediası, müasir oxucunu təmin edə biləcək bir qəzet ortaya qoymaq iqtidarındadırmı? Bugünün oxucusu çox tələbkardır və onun istəyini ödəmək heç də asan deyil. Bunun üçün çox çalışmaq lazım gələcək.

Bugünün reallığı isə budur ki, media qurumlarının rəhbərlərini qəzet satışı əsla maraqlandırmır. Çünki dövlətdən və müəyyən qurumlardan aldıqları yardım və ianələr hesabına qəzet buraxmağa öyrəşiblər.

Əgər biz Azərbaycanda medianın həqiqətən də cəmiyyətin güzgüsü olmasını istəyiriksə, dövlətdən pul yox, azadlıq və sərbəstlik istəməliyik. Medianın İnkişafı Agentliyi də Əli Həsənov, Vüşar Səfərli mətbəxinin trolları ilə işləyəcəksə, biz yaxın gələcəkdə medianın inkişafı istiqamətində heç bir irəliləyişə nail ola bilməyəcəyik. Bunu ona görə deyirəm ki, yeni yaranan qurumun inkişaf kansepsiyasına təklif verənlərin böyük əksəriyyəiti həmin adamların əlindən su içmiş şəxslərdir. İndi də maskalarını dəyişib yeni qurumdan dəstək almağa çalışırlar. Amma yadlarından çıxarırlar ki, prezident İlham Əliyev də ölkədə yeni bir düzənin formalaşmasında, ölkəmizin bütün sahələrdə, o cümlədən də medianın inkişaf etməsində maraqlıdır. Çox təəssüflər olsun ki, bu illər ərzində dövlətimizin bu sahənin inkişafı üçün gördüyü işlər Əli Həsənov, Vüqar Səfərli və onların ətrafında toplanan bir qrup naqislərin ücbatından medianın tarixinə qara ləkə saldı. Prezidentin son illər apardığı kadr islahatları da bunu deməyə əsas verir ki, Azərbaycanın daha qüdrətli və firavan dövlətə çevrilməsi möhkəm əllərdədir və Azərbaycan xalqı da buna inanır. Belə bir vaxtda prezidentin dəstəkçisi, yalnız azad və müstəqil media ola bilər. Buna görə də dövlət medianın talançı, quldur, korrupsioner, inhisarçı məmurların caynağından çıxmasına dəstək verməlidir. Ona pul verib, istədiyi havaya oynamağa məcbur etməməlidir.

 

(Əvvəli səh.10-da)

Hazırda heç bir özünə hörmət qoyan peşəkar jurnalist qəzetlərə yazı yazmaq istəmir. Bu gün imzasına hörmət edən jurnalist cəmiyyətdə özünü jurnalist kimi təqdim etməkdən belə çəkinir. Niyə və nə üçün? Bunu hamınız məndən daha yaxşı bilirsiniz. Həyasızlar artdıqca, abır-həyası olan meydandan uzaqlaşır. Bax belə.

Sonda bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bugünlərdə medianın inkişafı ilə bağlı müzakirələrdə nədənsə, qəzet yazılarının keyfiyyətindən yox, çapın keyfiyyətindən daha çox söz açılır. Bəli, məlumdur ki, keyfiyyət istənilən sahədə ən əsas şərtlədən biridir.

Hazırda ölkəmizdə bir çox mətbəələr qəzet çapı ilə məşğul olurlar. Ancaq bu sahədə çalışanların hər biri çox gözəl bilir ki, "Azərbaycan" nəşriyyatı hələ sovet dönəmindən qəzet çapı üzrə ixtisaslaşmış yeganə mətbəə-nəşriyyatldır ki, öz keyfiyyətli məhsulu ilə hər zaman seçilib. Bu hələ sovet dönəmində belə olub. Adımız 15 respublika arasında hər zaman ilk üçlükdə çəkilib. Bu gün də "Azərbaycan" nəşriyyatının xidmətlərindən istifadə edən media orqanları, məhz keyfiyyətinə görə nəşriyyatı seçdiklərini etiraf edirlər. "Azərbaycan" nəşriyyatının rəhbərliyi də istehsal etdiyi məhsulun keyfiyyəti məsələsini daim nəzərdə saxlayır. "Azərbaycan" nəşriyyatında uzun illərin təcrübəsinə malik peşəkar çapçılar var və onlar da öz məhsullarının keyfiyyətli çıxmasına məsuliyyət daşıyırlar. Peşəkar çapçının yetişməsi üçün 5-10 il vaxt tələb olunur və bu, heç də asan bir iş deyil. Bunu ancaq peşəsini ürəkdən sevən insanlar bacarırlar. "Azərbaycan" nəşriyyatı dövlətin dəstəyi ilə yeni texnologiyaların tətbiqində də hər zaman birinci olub və bu mövqeyini qorumaq üçün çalışır. Hazırda istənilən formatda qəzetləri rəngli çap etmək imkanına malik yeganə nəşriyyat, "Azərbaycan" nəşriyyatıdır. Sadəcə olaraq qəzetlərin tirajının az olması, onlar üçün də müəyyən çətinliklər yaradır. Bununla belə nəşriyyatın müasir texnologiyaları və peşəkar işçiləri ölkəmizdə fəaliyyət göstərən bütün qəzetləri ən yüksək səviyyətdə çap etmək imkanlarına malikdir.

Burada bir məsələni də xüsusi qeyd etmək istərdim ki, çap mediası mətbəə olmadan işıq üzü görə bilməz. Hər biriniz çox yaxşı bilirsiniz ki, Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin nəşri üçün icazə aldıqdan sonra uzun müddət onu çap edəcək mətbəə axtarışında olub. Bu gün isə bəzi media rəhbərləri, ümumiyyətlə mətbəənin nə olduğunu bilmirlər. Bir çoxları isə mətbəə işçilərinə-poliqrafçılara yuxarıdan aşağı baxırlar.

Yaddan çıxarmayın ki, mətbəə olmasa, qəzet də olmaz! Amma, qəzet olmasa mətbəə çap etməyə nə isə tapacaq, işsiz qalmayacaq.

Buna görə də diqqətinizə çatdırıram ki, istər Medianın İnkişafı Agentliyinin, istərsə də Mətbuat Şurasının idarə heyətində mütləq şəkildə poliqrafçılar da təmsil olunmalıdırlar.

Bu, həm də medianın birliyinə, həmrəyliyinə bir nümunə olacaq, buna inanıram.

Yazımı böyük Sabirin 110 il əvvəl qələmə aldığı və hələ də aktuallığını saxlayan aşağıdakı şeirilə bitirmək istəyirəm.

Nə yazım?

 

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyəm izhar, yazım,

Günü parlaq, gündüzü ağ, gecəni tar yazam,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

Şerə məşğul edərək xatiri -qəmmayilimi,

Qoyuram qənşərimə kağizimi, çernilimi,

Gəlirəm yazmağa bir kəlmə,-tutursan əlimi,

Qorxuram, ya nə üçün,-çünik kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!

 

Hələ mən dörddə birin yazmayıram, karına bax,

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax,

İstəmirsən yazım? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eyləmə!

Özünü, həm məni bu barədə diltəng eyləmə!

 

Görür ərbabi-qələm qayeyi-amalınızı,

Məndən artıq yaza bilməkdə ikən halınızı,-

Yazmır onlar dəxi on dörddə bir əfalınızı,

Özünüzsüz olara yazdıran əhvalınızı...

Yoxsa bu eyibdən aləmdə mübəraddır olar,

Boylə alçaq yazından min kərə əladır olar!

 

Necə mən dörddə birin yazmağa eymən deyiləm,

Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;

Sən gər söz verəsən:"Qorxma,qıl əhvali rəqəm",

Bəzi halın yazılarsa zili-zilü bəmi bəm,

Elə bir halə düşərsən ki, tükün biz-biz olar,

Əyninə geyməyə şey tapmasan, astar üz olar!..

Mənbə: paralel.az