İranın təşəbbüsündən regionun bütün ölkələri faydalana bilər

İranın təşəbbüsündən regionun bütün ölkələri faydalana bilər

"İranın Amerikada dondurulan vəsaitləri açılsa, o infrastruktur və istehsal layihələrinə sərmayə qoyan ölkəyə - regionda cazibədar və faydalı tərəfdaşa çevrilə bilər"

Məhəmməd Cavad Zərif:

"Energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr İran üçün prioritet təşkil edir"

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif həftənin ilk günün-da Azərbaycanda rəsmi səfərdə olub. O, səfər zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini, iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görü-şüb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda verdiyi açıqlamada bildirib ki, İran dost və qardaş Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə və bu ərazilərin Azərbaycan xalqının nəzarətinə keçməsinə sevinir.

Zərif əlavə edib ki, sabah Azərbaycan tərəfi ilə Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilən ərazilərin bərpası, regional əməkdaşlıq, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri haqda müzakirələr aparılacaq.

İranın XİN rəhbərini Bakıda Azərbaycan Prezidenti İlham Əliyev da qəbul edib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə görüşdə deyib ki, energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr İran üçün prioritet təşkil edir.

İran xarici işlər naziri Azərbaycandan sonra Rusiyaya, Gürcüstana, Ermənistana, davamında isə Türkiyəyə səfər edəcəyini deyib. O, Bakıda olarkən bəyan edib ki, bu altı ölkənin sıx qarşılıqlı əməkdaşlığı İranın maraqları daxilindədir.

Məhəmməd Savad Zərifin Qafqaz turnesini dəyərləndirmək üçün politoloq Zərdüşt Əlizadə ilə söhbətləşdik. Politoloq bildirdi ki, İranın bölgədəki marağı Zərifin dilindən Bakıda açıq şəkildə səsləndirildi: "Zərif bildirdi ki, region ölkələrinin sıx iqtisadi əməkdaşlığı İranın maraqlarına tam uyğun gəlir. Onun səfərinin məqsədi bu altı ölkə arasındakı əməkdaşlığı sıxlaşdırmaq olduğunu özü açıq şəkildə dedi. Doğrudan da bu altı ölkə arasında əməkdaşlığın sıxlaşması İran üçün çox vacib məsələlərdən biridir. Çünki İrana qarşı dünyanın böyük bir kəsiminin sanksiyaları var, bu İranın beynəlxalq iqtisadi-ticarət fəaliyyətini kəskin şəkildə məhdudlaşdırır. İndi hələlik söz-söhbət gəzir ki, Bayden administrasiyası İrana qarşı tətbiq olunan qadağaları aradan qaldıracaq. Bu məsələ doğrulsa belə, uzun sürən danışıqlar və prosedurların həyata keçirilməsi lazım gələcək ki, bu proses də vaxt aparacaq. Amma bu altı ölkənin sıx əməkdaşlığı faktiki İran qarşısında yeni iqtisadi imkanlar açır. Üstəlik, ABŞ-la münasibətlər normal məcraya düşsə, İranın Amerika banklarında dondurulan 100 milyon dollardan çox vəsaiti də geri qaytarılar. Bu da bölgə üçün yeni imkanlar aça bilər. İranın Amerikadakı dondurulan vəsaitləri açılsa, o, infrastruktur və istehsal layihələrinə sərmayə qoyan ölkəyə - regionda faydalı tərəfdaşa çevrilə bilər.

Digər tərəfdən, Ermənistan torpaqlarımızı işğal edəndən sonra, İran çox ehtiyatlı mövqe tutdu, biz torpaqlarımızı azad etdikdən sonra isə açıq bəyan etdi ki, biz buna sevinirik. İranın bu təşəbbüsü regionun bütün ölkələri üçün faydalıdır, Şimal-Cənub dəhlizi işə düşəndən sonra bu faydaları biz də hiss edəcəyik. Bu nəqliyyat dəhlizləri beynəlxalq əmək bölgüsünə töhfə verəcək, regionu Avropaya daha sıx birləşdirəcək ki, bundan yalnız fayda gələ bilər. Pandemiya bitdikdən sonra turizm sahəsi açılacaq, həmin vaxt bu nəqliyyat dəhlizi Azərbaycana daha böyük vəsaitlər qazandıracaq. Bununla yanaşı, İran Araz çayı üzərində tikilən su anbarları və su elektrik stansiyalarının tikintisini Azərbaycanla birgə davam etdirəcək. Bu layihə həm torpaqların suvarılmasında mövcud olan problemləri aradan qaldıracaq, həm də ölkəmizin enerji balansına əlavə güc qatacaq. Bu arada Ermənistan ağıllanıb, "soyqırım" möhtəkirliyinə son qoysa, rəsmi İrəvan üçün də yeni imkanlar yaranacaq - Türkiyə və Azərbaycanla əlaqələr açılacaq, bununla da iqtisadiyyatı inkişaf edəcək. Ermənilər onda anlayacaq ki, bu münaqişənin həlli daha çox onlara lazımdı".

Mənbə: paralel.az