Aşqabadla anlaşdıq, Tehranla nə edək? - TƏHLİL

Aşqabadla anlaşdıq, Tehranla nə edək? - TƏHLİL

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində yerləşən mübahisəli yataq üzrə qarşılıqlı razılaşmanın əldə olunması dənizin dibinin bölüşdürülməsi istiqamətində 3 ölkə arasında qalan problemlərin həlli üçün stimul rolu oynaya bilər. Bir çox ekspertlər hesab edirlər ki, uzun illərdir Xəzərin dibinin bölünməsinə dair İranın Azərbaycan və Türkmənistanla olan fikir ayrılıqları həllini tapa bilər. Belə ki, Xəzərdə cəmi 13 faiz sahil ərazisinə malik İran vaxtilə SSRİ ilə öz arasında bağlanan və bu sərhədləri müəyyənləşdirən müqaviləni qüvvədən düşmüş elan edib. Rəsmi Tehran uzun müddət dənizin 5 dövlət arasında bərabər bölünməsində təkid etsə də, 2018-ci ildə Xəzərin statusuna dair 5 tərəfli konvensiyada məhz orta xətt üzrə bölgü prinsipi əksini tapıb. Artıq bu prinsipə əsaslanmaqla Azərbaycan, Rusiya, Qazaxıstan dəniz sərhədlərində bölgü işlərini başa çatdırıb, müvafiq müqavilələr imzalayıblar.
Tərəflərin “Dostluq” adı verdikləri mübahisəli yataqla bağlı Azərbaycanla Türkmənistanın əldə etdiyi anlaşma bu ölkələrin də tezliklə dəniz sərhədlərini müəyyənləşdirəcəklərindən xəbər verir. Bu addım həm də real olaraq Xəzərin dostluq dənizi statusu alması baxımından mühüm əhəmiyyət kəsb edir. SSRİ dağılandan sonra İran həm Azərbaycana, həm də Türkmənistana Xəzərdə ciddi problemlər yaratmağa nail olub. Vaxtilə İran Türkmənistanın Xəzər dənizində “Zarubej-Neft” və “Itera” ilə imzaladığı müqaviləni həyata keçirməsinə imkan verməyib. Eyni addım Azərbaycana qarşı da atılıb. Belə ki, 1998-ci ildə Azərbaycan beynəlxalq şirkətlərlə Bakıdan təxminən 120 kilometr cənub-şərqdə yerləşən “Araz-Alov-Şərq” perspektiv strukturunun işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi imzalayıb. Strukturun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsünə dair sazişə görə, SOCAR-a 40 faiz, BP-yə 15 faiz, “Statoil”a 15faiz, “ExxonMobil”ə 15faiz, TPAO-ya 10 faiz və “Albert energy”yə 5 faiz pay düşmüşdü. Strukturda aktiv kəşfiyyat işləri aparılırdı. Layihənin ümumi dəyərinin 4 milyard dollar olacağı təxmin edilirdi. SOCAR-ın apardığı qiymətləndirmələrə görə, “Araz-Alov-Şərq” strukturunun ehtiyatları 700 milyard kubmetr qaz və 90 milyon ton kondensat təşkil edir.
Lakin 2001-ci ildə İran 1934-cü ildən SSRİ ilə İran arasında qəbul edilmiş sərhədləri qəbul etmədiyini bəyan etdi. Həmin sərhədlərə görə, iki ölkənin dəniz sularını Astaraçayla Türkmənistanın Həsənqulu məntəqəsini birləşdirən düz xətt ayırır. Bu bölgüyə görə, dənizin təxminən 13 faizi İranın payına düşməlidir. Bundan sonra isə İranın hərbi gəmiləri strukturda kəşfiyyat işlərinin dayandırılmasına nail olub. Uzun müddət İranla razılıq əldə olunmadığına görə 2015-ci ildə xarici tərəfdaşlarla bağlanmış saziş qüvvədən düşmüş elan edilib.
2015-ci ildən sonra İranla Azərbayan arasında münasibətlərin istiləşməsi fonunda tərəflər Xəzər dənizində müəyyən yataqların birgə işlənməsi məsələsini də müzakirə ediblər. 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı hər iki ölkənin energetika nazirlikləri arasında Xəzərdə dəniz bloklarının işlənməsinə dair əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumda Xəzər dənizindəki iki blokun birgə işlənməsi nəzərdə tutulur, lakin onların adı qeyd olunmur. Memoranduma görə, tərəflər “Xəzər dənizində Azərbaycan Respublikasının və İran İslam Respublikasının sektorlarının delimitasiyasının tezliklə razılaşdırılmasının iki qonşu və dost ölkənin milli maraqlarına xidmət etdiyini bir daha təsdiq edərək və Xəzər dənizində öz suveren hüquqlarının həyata keçirilməsinə əsaslanaraq,
Xəzər dənizinin dibinin və təkinin mineral ehtiyatlarının qarşılıqlı fayda əsasında işlənməsi sahəsində əməkdaşlığı dəstəkləyərək, tərəflərin neft və qaz sahəsində ikitərəfli qaydada, dostluq və mehriban qonşuluq mühitində əməkdaşlığı inkişaf etdirmək niyyətindən çıxış edərək, karbohidrogen ehtiyatlarının qarşılıqlı razılaşdırılmış və iqtisadi cəhətdən əlverişli şərtlərlə hasilatı və inkişafı üçün layihələrin həyata keçirilməsində hər iki dövlətin neft şirkətlərinin müvafiq təcrübəyə malik olması faktını nəzərə alaraq və bu məqsədlə uzunmüddətli əsasda xarici investisiyaların cəlb olunması və onlardan istifadə edilməsi niyyətini bildirərək, beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq və Tərəflərin maraqları nəzərə alınmaqla" razılığa gəliblər. Bu razılığa əsasən tərəflər Xəzər dənizinin dibinin və təkinin karbohidrogen ehtiyatlarının istismarı məqsədilə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında gələcəkdə delimitasiya ediləcək müvafiq sektorlarında yerləşən Blok 1 və Blok 2-ni 50/50 prinsipi əsasında öz milli neft şirkətləri olan SOCAR və NIOC vasitəsilə birgə istismar etməlidilər.
Memorandumda xüsusi qeyd olunur ki, iki blokla bağlı əldə olunan razılaşma bundan sonra heç bir halda Xəzər dənizində Azərbaycan Respublikası və İran İslam Respublikasının gələcəkdə delimitasiya olunacaq sektorlarına münasibətdə birgə sahiblik və Xəzər dənizində digər neft və qaz yataqlarının birgə işlənməsi üçün əsas kimi təfsir edilə bilməz və hər bir tərəfin gələcəkdə delimitasiya olunacaq sektorlarına münasibətdə suveren hüquqlarına toxunmur.
Maraqlıdır ki, 2012-ci ildə İran Xəzər dənizində yeni neft-qaz yatağı aşkarladığını bəyan edib. “Sardari Canqal” adı verilən yatağın ehtiyatları barədə İran çox ziddiyyətləri məlumatlar açıqlayıb. Ən son məlumata görə, yatağın çıxarıla bilən neft ehtiyatlarının həcmi 2 milyard barel, qaz kondensatı isə 1,4 trilyon kubmetr təşkil edir. Bu, yatağın ümumi ehtiyatlarının cəmi 25 faizinə bərabərdir(?!) Dəfələrlə İran tərəfi yataqda guya hasilata başlandığını bildirsə də, hələ də onun dəqiq koordinatları açıqlanmayıb. Buna baxmayaraq, Rusiya mətbuatında Azərbaycanın bu yataqla bağlı İrana etirazını bildirdiyinə dair məlumatlar yer alıb. Belə ki, İranın yeni yataq adlandırdığı blok məhz Azərbaycana məxsus “Araz-Alov” blokudur.
Azərbaycan mətbuatında isə 2018-ci ildə İranla imzalanan memorandumda qeyd olunan blokların məhz “Araz-Alov-Şərq” perspektiv strukturuna aid olduğuna dair məlumatlar yayılıb.
Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, İranın iddia etdiyi “Araz-Alov-Şərq” strukturunun bu ölkəyə aidiyyəti yoxdur: “Türkmənistanla ”Kəpəz-Sərdar" məsələsini ona görə həll edə bildik ki, hər iki tərəfin buna qarşılıqlı niyyəti oldu. “Araz-Alov-Şərq” isə İran tərəfindən siyasiləşdirilmiş məsələdir. Bu 3 strukturdan yalnız biri, özü də İranın təklif etdiyi bölgüyə (5 dövlətin hərəsinə 20 faiz) əsasən onun tərəfinə düşürdü. 2018-ci ildə Xəzərlə bağlı imzalanan beştərəfli konvensiyada İranın təklif etdiyi bölgü deyil, məhz Azərbaycan və digər dövlətlərin tərəfdar olduğu bölgü əsas götürüldü. Uzun müddət Azərbaycan Cənub qonşusuna böyük şest edərək bu məsələdə nə özü, nə də müqavilə tərəfdaşları olan beynəlxalq şirkətləri beynəlxalq məhkəməyə müraciət etməsinə şərait yaratmadı. Düz, 20 ildir İranın yaratdığı problemə görə Azərbaycan öz ərazisindəki yatağı istismar edə bilmir. Buna görə İran ən azı üzrxahlıq etməlidir Azərbaycandan".
Ekspert deyir ki, İranın “Araz-Alov-Şərq”də iş apara bilməsi üçün texnoloji imkanları yoxdur: “Orada olan enerji resursları ”Şahdəniz" yatağından da dərində yerləşir. Güman olunur ki, bu dərinlik 7 min metrdir. Orada kəşfiyyat aparmaq həddindən artıq mürəkkəb prosesdir. Ona görə də orada ancaq “Heydər Əliyev” tipində qazma qurğusuna ehtiyac var. Hansı ki, Azərbaycan bu qurğuya bir milyard dollara yaxın investisiya yatırıb. Üstəlik, İran hazırda böyük sanksiyalar altındadır, onun Xəzər dənizində hansısa yataqdan neft-qaz hasilatına başlayıb, məhsulu dünya bazarına çıxarmaq imkanları sıfıra bərabərdir".
İ.Şabanın sözlərinə görə, İranla Azərbaycan arasında 2018-ci ildə imzalanmış memorandum “Araz-Alov” və dənizin İran tərəfindən yerləşən daha bir blokun işlənməsini nəzərdə tutur: “Bu da Azərbaycanın və İranın qarşılıqlı jesti hesab olunmalıdır. Hazırkı sanksiyalar şəraitində bu bloklarda işə başlanması real görünmür. Amma yaxınmüddətli dövrdə İranın enerji sənayesinə tətbiq olunan sanksiyalar aradan qaldırılarsa, tərəflər bu bloklarda işə başlaya bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın oradan hasil olunacaq neft-qazı dünya bazarına çıxarmaq üçün hazır infrastrukturu var, bu zaman sanksiyalar olmadığı şəraitdə işlərin irəliləməsinin real olduğunu deyə bilərik. Lakin düşünürəm ki, əldə olunan razılaşmaya baxmayaraq, Azərbaycan yenə də ehtiyatlı olmalıdır. İranın Xəzərlə bağlı mövqeyi dəyişməsə, biz əlavə sürprizlərlə də üzləşə bilərik”.
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Vətən müharibəsində öz dövlət sərhədlərini bərpa etməsindən sonra İranla münasibətlərin inkişaf etdirilməsi zərurəti yaranıb: “Son vaxtlar bu münasibətlərdə xüsusilə böyük canlanma var, qarşılıqlı səfərlər çoxalıb. İran Azərbaycanın gücünün artdığını görür və bununla barışmağa məcburdur. Türkmənistanla mübahisəli yataqla bağlı əldə olunan anlaşma İranla da münasibətlərin inkişafı üçün əlverişli zəmin yaradır. Xüsusilə Xəzər dənizinin dibinin bölgüsü məsələsində razılığa gəlinməsi üçün perspektiv yaranır”.
“Yeni Müsavat”

Mənbə: azerinfo.az