AMEA-da nə baş verir?

AMEA-da nə baş verir?

Faiq Ələkbərli: "Gəncləşmə siyasətinə də üstünlük verilməlidir"

"Yəqin ki, “az maaşla çox iş tələb etmək”, yaxud “keyfiyyətsiz elmi işlə məşğul olmaq” kimi neqativ nüanslar aradan qalxacaq"

İctimaiyyətə məlumat verildiyi kimi 8 yanvar 2021-ci il tarixində AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib və akademiyada islahatlar xəttinin dərinləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Qurum tərəfindən vurğulanıb ki, Akademiyada aparılan islahatlar ümumilikdə Prezident İlham Əliyev tərəfindən başladılan islahatların, yenilənmə siyasətinin tərkib hissəsidir və bu xəttin ruhuna uyğundur. Görülən tədbirlərin başlıca məqsədi akademiyada qanunun aliliyini təmin etmək, elmi idarəçiliyi və tədqiqatları müasir dövrün tələblərinə uyğunlaşdırmaqdır. Artıq Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar gözə çarpmaqdadır.

 

Son günlər ərzində qurumun Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub. Məlumata görə, akademik öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru vəzifəsinə isə səsvermə yolu ilə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov seçilib. Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib. Digər bir məlumata əsasən, Radiasiya Problemləri İnstitutunun direktoru və ümumi işlər üzrə direktor müavini işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. Akademiyada kadr islahatlarının davam edəcəyi deyilir.

 

Qurumdakı islahatlarla bağlı fikirlərini “Şərq”ə bölüşən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq Faiq Ələkbərli deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasındakı kadr dəyişiklikləri, bəzi institut direktorlarının vəzifədən azad olunması elm ocağının daha aktiv və səmərəli fəaliyyətinə hesablanıb. Alim ümid edir ki, islahatlar yaxın zamanda müsbət nəticəsini verəcək:

“Akademiyanın bütün sahələrində həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişikliyə ehiyac var və bu dəyişikliklərin olacağı ehtimalı böyükdür. Əfsuslar olsun ki, uzun müddət AMEA-da islahatların şahidi olmadıq. Bundan sonra ciddi dəyişikliyin olacağını zənn edirik. Hər halda dünyada gedən proseslər, qloballaşma, müasir dövrün tələbləri və yeni çağırışlara vaxtında cavab verilməlidir.

Dövrün yeni çağırışları akademiyanın fəaliyyətində də öz əksini tapmalıdır. Yəqin ki, “az maaşla çox iş tələb etmək”, yaxud “keyfiyyətsiz elmi işlə məşğul olmaq” kimi neqativ nüanslar aradan qalxacaq”.

F.Ələkbərli vurğulayıb ki, AMEA rəhbərliyi mövcud problemlərin fərqindədir və kimin necə işlədiyi hamıya bəllidir:

“İstəyimiz odur ki, bütün problemlər sözün həqiqi mənasında həllini tapsın. Kadr dəyişikliyinin müsbət nəticəsi olmalıdır. Əgər olmursa, təyinatın da əhəmiyyəti qalmır. Akademiyada gəncləşmə siyasətinə də üstünlük verilməlidir. Əgər bir çox tələblər üst-üstə düşərsə, AMEA-dan pozitiv tendensiya, səmərəli fəaliyyət gözləmək mümkündür”.

Mənbə: sherg.az