Türkiyə Prezidenti Holokost qurbanları ilə bağlı videomüraciət yayıb

Türkiyə Prezidenti Holokost qurbanları ilə bağlı videomüraciət yayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Holokost Qurbanlarının Xatirəsi günü ilə əlaqədar videomüraciət yayıb. Prezident bəyan edib ki, Holokost, Bosniya və Hersoqovina, Ruanda və Kamboca kimi qanlı faciələr təkrarlanmamalıdır. Məlumatı “Anadolu” verib.

Ərdoğan dünyada güclənməkdə olan isla­mofobiya və ksenofobiya təzahürlərinin qarşısını almağa çağırıb: “Pandemi­ya ilə yanaşı, biz rasizm və ksenofobiya təzahürlərinin artmasını da müşahidə edirik. Məscidlərə, kilsələrə və sinoqoqlara hücum halları hissediləcək dərəcədə çoxa­lıb. Dini və etnik əlamətlərə görə dözümsüzlük zəminində cinayətlər artmaqdadır”.

Onun sözlərinə görə, radikallığa və dözümsüzlüyə əsaslanan terrorizm dinc yaşayış üçün problemə çev­rilib və ictimai həmrəylik və təhlükəsizliyə getdikcə daha ağır zərbə vurur.

Ərdoğan qeyd edib ki, keçən əsrdə baş vermiş faciəli hadisələr rasizm ideyalarının hansı dağıntı və fəlakətlərə gətirib çıxardığını aydın göstərir. Milyonlarla insan Holokost qurbanı olub, Bosniya və Hersoqovinada, Ruanda və Kambocada soy­qırımlar olub. Bu hadisələr o vaxtadək diskriminasiya, yadlaşma və dözümsüzlük təbliğatının sistematik olaraq yayılması nəticəsində baş verib.

Türkiyə Prezidenti əmin olduğunu bildirib ki, bu soyqırımı hallarının hər biri beynəlxalq ictimaiyyəti məsuliyyətli olmağa çağırır. Düşmənçilik və nifrət halları ilə mübarizə təkcə təzyiqə məruz qalmış insanların deyil, bütün bəşəriyyətin vəzifəsi olmalıdır.

Ərdoğan qeyd edib ki, bu, həm də 1948-ci ilin dekab­rında soyqırımı cinayəti və buna görə cəza ilə bağlı BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş konvensiyanın tələbidir: “Soyqırımı qurban­larının xatirəsini hörmətlə anıram. Ksenofobiya və insanlıq əleyhinə cinayətlərin olmayacağı bir gələcəyə ümid edirəm”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com