“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib (VİDEO)

“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib (VİDEO)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib.

Tədbirin moderatoru Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın zəfər qazanmış bir ölkə olaraq, işğaldan azad edilmiş ərazilərinin bərpasına və müvafiq regional layihələrin icrasına başladığını bildirib. Fərid Şəfiyev bu zəfərin əldə olunmasında Türkiyənin müstəsna rolunu qeyd edib.

Daha sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə-Azərbaycan əlaqələrinin sıradan deyil, stabil qardaşlıq əlaqələri olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyası, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran təmsil etdiyi qurum tərəfindən Qarabağa aid kitabın hazırlanması üzərində iş getdiyini qeyd edib. O iki ölkə arasında tarixi və mədəni əlaqələrin gücündən danışaraq bu münasibətlərin Azərbaycanın əldə etdiyi zəfərlə yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Ardınca çıxış edən SETA xarici siyasət direktoru, Ankara Sosial Elmlər Universitetinin müəllimi Muhiddin Ataman Türkiyənin tək müharibə zamanı deyil, ondan əvvəl və post-münaqişə dövründə daim Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. O, bu dəstəyin bütün müsəlman ölkələri tərəfindən ifadə edilməsinin vacibliyini qeyd edib.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı çıxışı zamanı iki ölkənin həyata keçirdiyi regional layihələrdən danışıb və bildirib ki, Trans-Xəzər əməkdaşlığı Azərbaycan-Türkiyə əməkdaşlığını daha da gücləndirəcək potensiala sahibdir.

SETA Təhlükəsizlik Koordinatorluğunun təmsilçisi, Uludağ Universitetinin müəllimi Fərhad Pirinççi çıxışı zamanı qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi tək Qafqaz və ya Qarabağla bağlı olmamalıdır. Onun sözlərinə görə, əlaqələr bütün geosiyasi reallıqlara nəzərə alaraq geniş sahəni əhatə etməlidir.

BMTM-in şöbə müdiri Cavid Vəliyev regional 3 tərəfli platformaların vacibliyindən danışıb. Onun sözlərinə görə, iki ölkənin iştirakı ilə həyata keçirilən layihələr bütün tərəfləri qazandıran layihələrdir və bu fəlsəfə 6 ölkənin əməkdaşlığı şəklində davam edə bilər.

Yaxın Şərq Texniki Universitetinin müəllimi Oqtay Tanrısevər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə əhalinin qayıdışı məsələsinə toxunub və bildirib ki, bu bölgədə həyatın qurulması üçün Türkiyənin inşaat sektorunda malik olduğu təcrübədən də istifadə etmək mümkündür.
Tədbir sual-cavab sessiyası ilə davam edib.

Mənbə: www.realtv.az