Qarabağa səfər anonsu hiylədir

Qarabağa səfər anonsu hiylədir

"Düşmənin məramı açıq-aydın təxribat törətmək, vəziyyəti gərginləşdirməkdir"

"Ermənilər öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Çünki bölgədəki bütün hadisələr Azərbaycanın istədiyi istiqamətdə cərəyan edir"

Ermənistanın Yüksək texnologiya sənayesi naziri Akop Arşakyan yaxın günlərdə Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsinə gələcəyi barədə anons verib. Arşakyan Qarabağa səfərində məqsədin “informasiya texnologiyaları sahəsində” əlaqələrin inkişafı məsələlərini müzakirə etmək olduğunu deyib. Məlumdur ki, bir müddət əvvəl Xarici işlər naziri Ara Ayvazyan da Qarabağa qanunsuz səfər etmiş, separatçılarla görüşmüşdü.

Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri barədə rəsmi Bakı bir neçə dəfə Yerevana sərt xəbərdarlıq edib. Ancaq Ermənistan yenə də ərazi bütövlüyümüzü pozmağa, ölmüş qondarma quruma “can” verməyə çalışır. Xatırladaq ki, Ermənistan rəsmiləri bir müddət əvvəl də Azərbaycanı təxribata çəkir, bütün vasitələrlə müharibəni qızışdırır və müxtəlif bəyanatlar verirdilər.

Cıdır düzündə rəqs etməkdən tutmuş Şuşanın “paytaxta” çevrilməsi istiqamətində açıqlamalar, “yeni müharibə - yeni ərazilər” şüarı, Qarabağın qondarma qurumunun “müstəqilliyi” haqda mövqe və açıqlamalara hər zaman Azərbaycanın həssaslıqla yanaşdığını açıqlamış və qarşı tərəfə xəbərdarlıqlar etmişdi.

Xəbərdarlıqlara əhəmiyyət verməyən Ermənistan “Dəmir Yumruq”la qarşılaşdı və 44 gün ərzində darmadağın oldu. Əgər Ermənistan təxribatçı əməllərindən vaz keçməzsə, israrla intriqalarına davam edərsə, heç şübhəsiz, “Dəmir Yumruq” yenidən işə düşəcək.

Siyasi şərhçi Anar İmanov “Şərq”ə açıqlamasında bildirib ki, Qarabağa qanunsuz səfərlərin məqsədi, ermənilərin bəyan etdiyi kimi “inkişafla” bağlı deyil. Düşmənin məramı açıq-aydın təxribat törətmək, vəziyyəti gərginləşdirməkdir:

“Ermənilər həm də bu səfərlərlə göstərmək istəyir ki, sanki hər şey onların çizdiyi planlarla gedir. Halbuki, bu, belə deyil. Bundan başqa təxribatçı səfərlər daxili auditoriyaya hesablanıb. Yerevan hökuməti hər şeyin Ermənistanın nəzarəti altında olduğunu, 44 günlük müharibədə tam məğlub olmadıqlarını sübut etməyə cəhd göstərir.

Digər məqsəd isə Rusiyanı post-müharibə dövründə imicinə ləkə salmaqdır. “SOROS”a işləyən ermənilər Rusiyanın nüfuzunu aşağı salmaqla məşğuldurlar. Bu məqam Baş nazir Nikol Paşinyanın fəaliyyətində də özünü göstərir. Moskva görüşündə Paşinyanın sayıqlamaları göstərdi ki, kreslosunu qorumaq üçün hər şeyə hazırdır. Əvvəlcədən planlaşdırılan təxribatçı səfərlər də bu məqsədə xidmət edir”.

Analitik vurğulayıb ki, Ermənistan rəhbərliyi bu cür hərəkətlərlə yenidən Azərbaycanın qəzəbinə tuş gələ bilər:

“Dəmir yumruq” hələ qüvvədədir. Ermənilər öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Çünki bölgədəki bütün hadisələr Azərbaycanın istədiyi istiqamətdə cərəyan edir. Ermənistan mövcud reallığı nə qədər tez dərk etsə, erməni xalqı bir o qədər tez müddətdə ağ günə çıxacaq. Xatırladım ki, əvvəlki təxribatların sonu 44 günlük müharibə və məğlubiyyətlə nəticələndi. Bundan sonrakı qarşıdurma isə ümumiyyətlə Ermənistanın məhvinə gətirib çıxaracaq.

Ona görə də yaxşı olar ki, ermənilər ağıllarını başlarına yığsınlar və sərsəm iddialarından əl çəkərək, qonşu ölkələrlə iqtisadi əməkdaşlıq mərhələsinə qədəm qoysunlar. Düşmənin nicatı bundadır”.

Mənbə: sherg.az