Ermənistanın sabiq prezidenti Robert Köçəryanın bu gün saxlanılması yalnız Ermənistanın daxili siyasi gündəminin növbəti hadisəsi deyil. Bu addım eyni zamanda Azərbaycan baxımından da hüquqi və siyasi aspektləri olan yeni situasiya yaradır. Çünki Köçəryan artıq uzun müddətdir Azərbaycanın istintaq orqanları tərəfindən axtarışda olan şəxslər sırasındadır.
Ermənistan hüquq-mühafizə orqanlarının məlumatına görə, Köçəryan avqustun 25-də saxlanılıb və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Onun ailəsi ilə bağlı ünvanlarda da axtarışlar keçirilib və 2 oğlu da saxlanılıb. Ermənistan tərəfi hazırkı cinayət işinin korrupsiya xarakterli olduğunu bildirir, lakin işin bütün detalları açıqlanmayıb.
Məhz bu məqam Köçəryanın Azərbaycana mümkün təhvil verilməsi məsələsini nəzəri deyil, hüquqi-siyasi müzakirə mövzusuna çevirir.
Azərbaycan Hərbi Prokurorluğu 2022-ci ilin fevralında Robert Köçəryan və Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyan barəsində cinayət təqibi başlandığını və onların axtarışa verildiyini açıqlayıb. Hərbi Prokurorluğun məlumatına görə, həmin şəxslər 1988-ci ildən etibarən Qarabağda etnik düşmənçiliyin qızışdırılması, qanunsuz silahlı-siyasi fəaliyyət və Azərbaycanın konstitusion quruluşuna qarşı yönəlmiş digər əməllərlə bağlı ittihamlarla təqib olunurlar.
Azərbaycan tərəfinin mövqeyinə əsasən, Köçəryan və Sarkisyan 1991-ci il sentyabrın 2-də Azərbaycanın ərazisində separatçı qurumun elan edilməsində və həmin ərazilərdə Azərbaycan Konstitusiyasının və qanunlarının fəaliyyətinin dayandırılması barədə qanunsuz qərarların qəbulunda iştirak ediblər.
Bundan başqa, Azərbaycan Hərbi Prokurorluğunun 2022-ci ildə başlatdığı genişmiqyaslı cinayət işi çərçivəsində Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərin araşdırılması həyata keçirilib. Həmin iş üzrə 297 nəfər müxtəlif maddələrlə cinayət məsuliyyətinə cəlb edilib.
Beləliklə, Köçəryanın Azərbaycana münasibətdə statusu aydındır: o, Azərbaycan hüquq-mühafizə orqanlarının istintaqı baxımından axtarışda olan şəxsdir.

Bəs İrəvan onu Azərbaycana təhvil verə bilərmi?
Hüquqi baxımdan bu məsələ birbaşa və avtomatik həll edilmir. Ermənistanın Cinayət-Prosessual qanunvericiliyinə əsasən, xarici dövlətin ekstradisiya sorğusu müəyyən prosedur çərçivəsində araşdırılır. Ekstradisiya üçün beynəlxalq hüquqi əsas, qarşılıqlılıq və bir sıra digər şərtlər nəzərə alınır. Ermənistan qanunvericiliyi həmçinin şəxsin siyasi motivlərlə təqib olunması və işgəncə və ya qeyri-insani rəftar təhlükəsi kimi halları ekstradisiyadan imtina üçün əsaslardan biri kimi nəzərdə tutur.
Bu baxımdan Köçəryanın Azərbaycan vətəndaşı olmaması onun nəzəri olaraq Azərbaycana ekstradisiya edilməsinə hüquqi maneə yaratmır. Ermənistanın Cinayət Məcəlləsinin ekstradisiya ilə bağlı müddəaları xarici dövlət vətəndaşlarının müəyyən hallarda başqa dövlətə verilməsini mümkün sayır.
Lakin burada ən ciddi siyasi və hüquqi maneə Köçəryanın Ermənistan vətəndaşı olması və Ermənistan daxilində də onun barəsində cinayət təqibinin aparılmasıdır.
Başqa sözlə, əvvəlcə İrəvanın öz cinayət işinin taleyi müəyyənləşməlidir. Əgər Ermənistan hüquq-mühafizə və məhkəmə sistemi Köçəryanı ölkə daxilində məsuliyyətə cəlb etmək qərarına gəlsə, onun Azərbaycana verilməsi məsələsi daha mürəkkəb xarakter alacaq.
Əksinə, Ermənistan daxilindəki proses hüquqi əsasla başa çatdırıldıqdan və ya Köçəryanın Azərbaycanda araşdırılan cinayətlər üzrə təhvil verilməsi üçün siyasi və hüquqi iradə formalaşdıqdan sonra Bakı ekstradisiya sorğusu təqdim edə bilər.
Bakı üçün bu, sadəcə bir ekstradisiya məsələsi deyil. Köçəryanın Azərbaycana verilməsi baş tutacağı təqdirdə, hadisənin əhəmiyyəti yalnız bir şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə məhdudlaşmayacaq.
Robert Köçəryan Qarabağ separatizminin siyasi tarixində ən mühüm fiqurlardan biridir. O, 1990-cı illərin əvvəllərində separatçı qurumun rəhbərliyində təmsil olunub, daha sonra Ermənistanın baş naziri və prezidenti vəzifələrini tutub.
Bu səbəbdən Köçəryanın Azərbaycanda istintaqa cəlb olunması Qarabağ münaqişəsinin yalnız hərbi nəticələrinin deyil, onun siyasi təşkilatlanması və idarə olunması prosesinin də hüquqi müstəvidə araşdırılması anlamına gələ bilər.
Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan 44 günlük müharibə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü bərpa edib. Qarabağdakı separatçı rejim faktiki olaraq mövcud deyil. Belə şəraitdə münaqişənin keçmiş siyasi rəhbərlərinin fəaliyyətinin hüquqi qiymətləndirilməsi üçün əvvəlkindən fərqli imkanlar yaranıb.
Onun siyasi portretində paradoksal məqam da budur ki, o, bir tərəfdən Qarabağ separatizminin əsas siyasi simalarından biri, digər tərəfdən isə Azərbaycan prezidentləri ilə uzun illər "danışıqlar" aparmış Ermənistan lideridir.
Köçəryan Azərbaycana səfər edən ilk Ermənistan prezidenti olub. 1999-cu ilin oktyabrında Köçəryan Ümummilli Lider Heydər Əliyevlə Naxçıvan Muxtar Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə, Azərbaycanın Sədərək şəhərində danışıqlar aparıb.
Prezident Heydər Əliyev Qarabağ konfliktinin həll olunduğu gün məhz burda - Naxçıvanda kabab çəkiləcəyini söz verir və Köçəryanı əmin edir ki, Qarabağ mütləq azad olunacaq. Bu gün Qarabağ azaddır və bu səhifə birdəfəlik bağlanıb.
Köçəryanın Azərbaycanda mühakimə olunması təkcə keçmiş prezidentin taleyi kimi deyil, Qarabağ münaqişəsinin siyasi arxitekturasının əsas iştirakçılarından birinin fəaliyyətinə hüquqi qiymət verilməsi kimi də təqdim oluna bilər.
Köçəryanın hazırda Ermənistanda saxlanılması Bakının qarşısında mühüm diplomatik-hüquqi imkan yaradır. Azərbaycan ilk növbədə öz cinayət işi çərçivəsində Köçəryanla bağlı materialları və axtarış statusunu əsaslandıraraq Ermənistanın səlahiyyətli orqanlarına rəsmi müraciət edə bilər.
Azərbaycan Baş Prokurorluğunun strukturunda beynəlxalq hüquqi əməkdaşlıq və ekstradisiya məsələləri üzrə ayrıca mexanizm mövcuddur. Bu struktur xarici dövlətlərlə hüquqi yardım, ekstradisiya sorğularının hazırlanması və cinayət işləri üzrə beynəlxalq əməkdaşlığı əlaqələndirir.
Bakı üçün ən məntiqli hüquqi xətt də məhz bu olardı: siyasi çağırışdan əvvəl formal ekstradisiya prosedurunun işə salınması.
Burada Ermənistanın verəcəyi qərar bir neçə amildən asılı olacaq. Birincisi, İrəvanın Köçəryanla bağlı daxili cinayət işini necə davam etdirəcəyi. İkincisi, Azərbaycan tərəfindən təqdim ediləcək sübutların və ittihamların hüquqi əsaslandırılması. Üçüncüsü, iki ölkə arasında formalaşmaqda olan yeni münasibətlərin hüquq-mühafizə sahəsinə nə dərəcədə sirayət edəcəyi.
Azərbaycanın ekstradisiya sahəsində həm milli qanunvericiliyi, həm də beynəlxalq müqavilələrdən istifadə etdiyi məlumdur. Azərbaycan Baş Prokurorluğu da ekstradisiyanın qanunvericilik və beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə yaranan yeni siyasi reallıq da diqqətdən kənarda qala bilməz.
Əgər Bakı ilə İrəvan arasında sülh prosesinin institusional mərhələsi dərinləşərsə, hüquqi əməkdaşlıq məsələlərinin də gündəmə gəlməsi mümkündür. Belə əməkdaşlıq yalnız ekstradisiya ilə məhdudlaşmır. Cinayət işləri üzrə hüquqi yardım, sübutların təqdim edilməsi, istintaq materiallarının ötürülməsi və digər prosedurlar da bunun tərkib hissəsi ola bilər.
Bu baxımdan Köçəryanın işi gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin mühüm sınaqlarından birinə çevrilə bilər.
Əgər İrəvan bu istiqamətdə siyasi iradə nümayiş etdirərsə, Bakı üçün növbəti mərhələ formal ekstradisiya sorğusunun təqdim edilməsi və Azərbaycan ərazisində onun barəsində istintaqın aparılması olacaq.
Belə bir hadisə Qarabağ münaqişəsinin hüquqi tarixində də mühüm mərhələ yarada bilər. Çünki Köçəryan həmin münaqişənin sadəcə müşahidəçisi deyil, onun formalaşmasında və idarə edilməsində mühüm rol oynamış siyasi fiqurlardan biridir.
Bu səbəbdən onun Azərbaycana mümkün təhvil verilməsi məsələsi siyasi revanş kimi deyil, Azərbaycan tərəfinin mövcud cinayət təqibi və beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qiymətləndirilməlidir. Əgər hüquqi prosedurlar buna imkan verərsə, Köçəryanın məhz Azərbaycan istintaqının predmetinə çevrilməsi Bakı üçün həm hüquqi, həm də tarixi baxımdan prinsipial əhəmiyyət daşıya bilər.
Robert Köçəryan kimdir?

Köçəryan 1994-1997-ci illərdə Qarabağdakı qondarma separatçı rejimin "prezidenti" və 1992-1994-cü illərdə "baş naziri" vəzifələrində çalışıb. 1998-2008-ci illərdə Ermənistanın ikinci prezidenti , 1997-1998-ci illərdə isə Ermənistanın baş naziri olub.
Köçəryanın karyerası 1971-ci ildə Xankəndinin elektrotexnika zavodunda mühəndis kimi başlayıb.
1988-ci ilin fevral ayına qədər Köçəryan "Krunk" ("Durna") təşkilatının üzvü kimi Qarabağ hərəkatının liderlərindən biri olub. Qarabağda başlayan və sonradan Sovet Ermənistanına yayılan Qarabağ hərəkatı Qarabağın işğal edilərək Azərbaycandan Ermənistana verilməsinə nail olmağa çalışıb. Təşkilat dağıldıqdan sonra o, "Miatsum" ("Birləşmə") təşkilatını təsis edib.
Sovet İttifaqının dağılması ilə Qarabağ münaqişəsi genişmiqyaslı müharibəyə çevrildi. Köçəryan 1992-ci ilin may ayında Şuşanın işğalında iştirak etdi. 1992-ci ilin avqustunda Köçəryan müharibə zamanı bütün icra hakimiyyətlərini özündə saxlayan fövqəladə bir orqan olan DQR Dövlət Müdafiə Komitəsinin sədri oldu.
İkinci Qarabağ müharibəsi zamanı Köçəryan vəziyyəti müzakirə etmək üçün Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petroysan və Serj Sarkisyanla, eləcə də Qarabağın "keçmiş prezidentləri" Arkadi Qukasyan və Bako Sahakyanla görüşdü. 2020-ci ilin oktyabr ayında Köçəryan və Ter-Petrosyan Baş nazir Nikol Paşinyanın onlara xüsusi danışıqçılar kimi Moskvaya getməyə icazə verməsini istədilər. Paşinyan onların Rusiya rəsmiləri ilə görüşmək üçün Moskvaya getmək xahişini qəbul etdi, lakin rəsmi danışıqçılar kimi yox. Köçəryanın COVID-19 testi müsbət çıxdığı üçün səfər heç vaxt baş tutmadı.
Ermənistan tərəfinin müharibədə məğlubiyyətindən və 2020-ci il Qarabağ atəşkəs sazişinin imzalanmasından sonra Köçəryan Nikol Paşinyanın istefasını tələb edən digər keçmiş prezidentlərə və müxalifət siyasətçilərinə qoşuldu. O, 17 müxalifət partiyasından ibarət koalisiya (Respublika Partiyası da daxil olmaqla) tərəfindən müvəqqəti milli birlik hökumətinə rəhbərlik etmək üçün namizəd göstərilən Vazgen Manukyanı dəstəklədiyini bildirdi. 2021-ci ilin yanvar ayında Köçəryan növbəti seçkilərdə iştirak etmək niyyətini bildirdi. Lakin Paşinyana məğlub oldu.
25 avqust 2026-cı ildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Robert Köçəryannın evinə basqın edərək onu saxlayıb. O, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil verilib.
Mənbə: unikal.az