Türk hərb tarixçisi: “Zəngəzur boğazımızdakı “düyün”dür” – Açılır?

Türk hərb tarixçisi: “Zəngəzur boğazımızdakı “düyün”dür” – Açılır?

“Bu "düyün" XIX əsrin əvvəllərindən “vurulmağa” başlanılıb”

“İzmir və Naxçıvan düşməndən “təmizlənsə” də, Zəngəzurun işğalı 101 ildir ki, davam edir”

“Bu məsələ Azərbaycan və Türkiyənin zehinlərində əbədi qalmalıdır. Əlbəttə, uduzulmuş yox, qazanılması şərt olan bir mübarizə kimi”

Tarixdəki bütün müharibələr belə olub: bir müddətdən sonra bitsə də, təsiri uzun illər qalıb. Əlbəttə, Azərbaycanın 44 günlük “Dəmir yumruq” hərbi əməliyyatları da belə savaşlardandır. İndi təkcə yerli mütəxəssislər deyil, dünya siyasətçiləri Azərbaycanın 200 illik qələbəsindən danışırlar. Əlbəttə, danışmalıdırlar da. Çünki biz dillərdə dastan olacaq tarix yazdıq.

Dövrün dəyişməsinə rəğmən, bəşəriyyətin təməl qanunu eynidir: əgər tərəflərdən biri süquta uğramayıbsa, heç bir müharibənin son olduğundan əmin olmaq düzgün deyil. Əlbəttə, “dəmir yumruğ”un zərbəsi Ermənistana əbədi kifayətdir. Amma etiraf etmək lazımdır ki, düşmənin “qalxanı” olmasa, heç mövcudluğunu XXI əsrədək də davam etdirə bilməzdi.

 

Bəzi taleyüklü sualların cavabını hələ də tapmadığımız bir vaxtda mütəxəssislərlə müzakirələrimiz davam edir. “Sherg.az”ın bu dəfəki həmsöhbəti Türkiyənin İstanbuldakı Fatih Sultan Mehmet Vəqfi Universitetinin dosenti, ehtiyatda olan pokovnik, hərb tarixçisi Hasip Saygılıdır. 2009-cu ildə Azərbaycan Ali Hərbi Məktəbində hərbi məsləhətçi ilə kimi çalışan müsahibimiz tarixi həqiqətlərimizə kifayət qədər bələddir. Bunu onun cavabları da göstərir:

- Sizcə, Qarabağ savaşının yenidən başlanması şərt idi?

- Əlbəttə, yox. Azərbaycan işğal altındakı torpaqları geri qaytarılsaydı, bu müharibəyə ehtiyac qalmayacaqdı. Amma Ermənistan insanlığa və hüquqa zidd bütün davranışları ilə ona verilən şansları itirmişdi. Beləliklə, ermənilərin çirkli çəkmələri altında saxladıqları Azərbaycanın qədim torpaqlarının azad edilməsi uğrunda Azərbaycana başqa variant qalmamışdı. Azərbaycan siyasi hakimiyyəti beynəlxalq vəziyyəti də nəzərə alaraq düşmənin qurduğu “tələ”yə onların özlərini saldı. İşğalçı dövlət məhv edildi. Onu da deyim ki, 30 illik müddət bir az da uzansa idi, torpaqların azad edilməsi tamamilə qeyri-mümkün olacaqdı. Bunu təkcə Azərbaycan deyil, bütün Türk dünyası bilirdi. Məhz həmin təhlükə xain düşmənə qarşı çevik addımların atılması ilə nəticələndi.

- 10 noyabr bəyanatını necə qiymətləndirirsiniz?

- Bu, Azərbaycanın mövcud problemlərini gələcəkdə həll etmək istiqamətində yeni bir mərhələ oldu. Hazırkı Azərbaycan hakimiyyətinin lazımi işləri görə biləcək potensialı var. Həmin imkanların qətiyyətli bir şəkildə ortaya qoyulması gözlənilir.

- Qarabağdakı rus sülhməramlılarının tərəf tutduqları məlumdur. Onların ehtimal edilən “əmma”larının qarşısını almaqdan ötrü nə etməliyik?

- Azərbaycan diplomatiyasının və mediasının üzərinə böyük yük düşür. Rusların tərəfkeşlikləri qeydə alınmalı, beynəlxalq informasiya agentliklərinə bu barədə məlumat verilməlidir. Hətta xarici KİV işçilərinin məsələni işıqlandırmalarına kömək edilməli, şərait yaradılmalıdır. Xarici İşlər Nazirliyi də çox fəal çalışmalı və həqiqəti bütün dünyaya çatdırmalıdır.

- Türk sülhməramlılarının bölgədə olması vəziyyətə necə təsir göstərəcək?

- Məsələ ondan ibarətdir ki, türklərin Qarabağdakı işi rusları neytrallaşdırmaq deyil. Türk sülhməramlıları sadəcə öz vəzifələrini yerinə yetirəcəklər. Ruslar ermənilər qoruyur deyə, buna oxşar bir funksiyanı türklərə aid etmək düşmənin xeyrinə olar. Əslində ruslar da türklər kimi davranmalıdırlar. Eyni ilə bizimtək ədalətli olmalı, beynəlxalq hüquqa hörmət etməlidirlər.

- 11 yanvar görüşü ilə bağlı nə düşünürsünüz?

- Bu görüş Azərbaycan üçün müsbət nəticələrin başlanğıcı ola bilər. Amma diplomatiya, necə deyərlər, uzun, incə yoldur. Bu gündən sabaha yox, çox sonralara nəticə gözləmək lazımdır.

- Ermənistan baş naziri Nikol Paşinyan məsələnin hələ bitmədiyini deyib. Doğrudan da, “ağıllanmayıb” və yeni müharibə istəyir?

- Paşinyanın bu sözləri daxili ictimaiyyətə hesablanıb. O, vaxt qazanmaq istəyir. Çünki Ermənistanın Azərbaycanla yeni savaşa başlayacaq gücü, hərbi qabiliyyəti qalmayıb. Amma hansısa üçüncü dövlət Ermənistanın “əli” ilə müharibə barədə düşünürsə, bu, ermənilərin savaşı olmayacaq. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. İstənilən halda hətta Paşinyandan sonrakı siyasi lider də yeni müharibənin niyə başladığını xalqa asanlıqla izah edə bilməz.

- Artıq Zəngəzurun qaytarılması məsələsi müzakirə edilir. Yaxın vaxtlarda bu ərazimizin də azad edilməsi ehtimalını necə dəyərləndirirsiniz?

- Zəngəzur türk dünyasının boğazındakı “düyün”dür. Və o, XIX əsrin əvvəllərindən “vurulmağa” başlanılıb. Əlbəttə, haqq-ədalət asanlıqla bərpa olunmur. Bunun üçün vaxt lazımdır. Lakin Azərvbaycanın ərazi bütövlüyünün gec-tez bərpa edilməsindən ötrü məsələ daim gündəmdə saxlanılmalıdır. Əlimdə Feyzullah Sacidin hələ 1920-ci ildə Bakıdakı hökumət mətbəəsində nəşr etdirdiyi bir kitabı var. Ərəb əlifbası ilə yazılıb. Adı “Fəryad”dır. Kitabı “Düşmən hücumuna məruz qalan İzmir, Zəngəzur və Naxçıvan günahsızlarına yardım komitəsi” hazırlayıb. İzmir və Naxçıvan bu kitabın nəşrindan az sonra düşməndən “təmizlənsə” də, Zəngəzurun işğalı 101 ildir ki, davam edir. Bu məsələ Azərbaycan və Türkiyənin zehinlərində əbədi qalmalıdır. Əlbəttə, uduzulmuş yox, qazanılması şərt olan bir mübarizə kimi. Mən hazırda “Türk mədəni coğrafiyası” adlanan bir fənndən dərs keçirəm. Tələbələrimə yeri gəldikcə, Azərbaycanın işğal altındakı torpaqlarından, o cümlədən Zəngəzurdan danışıram. Hətta imtahana bu barədə suallar salıram. Müəllim olmaq, ziyalı olmaq məhz bunu tələb edir.

- 44 günlük döyüşləri hərb tarixindəki hansı müharibə ilə müqayisə edə bilərik?

- Bu müharibəni böyük lider Mustafa Kamal Atatürkün 1992-ci ildə başlatdığı özünümüdafiə ilə müqayisə edə bilərik. Həmin hərəkatın nəticəsində Anadoludakı yunan işğalı sona çatmışdı. Qarabağdakı əks-hücum da “erməni tapdağı” dövrünü bitirdi. Hər iki əməliyyat təxminən 50 günə yaxın davam edib. Maraqlıdır ki, şəhid və qazi sayları da təxminən üst-üstə düşür.

- Proseslər yaxın gələcək üçün nələr vəd edir?

- Bundan sonra əsas yük diplomatiyanın üzərinə düşəcək. Amma diplomatik cəhdlərin nəticə verməsi üçün mütləq arxasında hərbi güc olmalıdır. Odur ki, Azərbaycan diplomatiyası özünü güclü hiss etməli və ölkəsinin hüquqlarını təmin etməlidir.

Mənbə: sherg.az