Ermənistanın Aİ-yə yönəlməsinin bədəli ağır olacaq - Ölkədə həyat səviyyəsi düşəcək

Ermənistanın Aİ-yə yönəlməsinin bədəli ağır olacaq -

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxaraq Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində hərəkət edərsə, bunun iqtisadi baxımdan ölkə üçün ağır nəticələri ola bilər.

Bu barədə “İzvestiya” yazıb.

Nəşrin məlumatına görə, Ermənistanın Aİ-yə üzvlük prosesi və ittifaqla tamhüquqlu ticarət əlaqələrinin qurulması illərlə, hətta onilliklərlə davam edə bilər. Bu müddət ərzində ölkənin xüsusilə kənd təsərrüfatı məhsullarının ixracında ciddi problemlərlə üzləşəcəyi bildirilir.

Qeyd edilir ki, Aİ-nin əsas diqqəti və ticarət dəstəyi Ukraynaya yönələcək. Ermənistan isə, verilən vədlərə baxmayaraq, Aİ tərəfindən ikinci dərəcəli istiqamətdə dəstəklənə bilər.

Məqalədə Aİ-nin özünün də iqtisadi vəziyyətinin pisləşdiyi və imkanlarının məhdud olduğu vurğulanır. Hazırda Ermənistandan başqa daha 9 ölkənin Aİ-yə namizəd statusunda olduğu xatırladılır. Nəşr Türkiyənin 1987-ci ildən üzvlük növbəsini gözlədiyini də qeyd edir. Vurğulanır ki, Ermənistanın qərbyönlü hökumətinin əldə edəcəyi siyasi dividendlər və baş nazir Nikol Paşinyana göstəriləcək şəxsi dəstək əhalinin həyat səviyyəsinin aşağı düşməsi hesabına başa gələ bilər.

Müəllif: Adəm

Mənbə: publika.az