Avropa İttifaqının maliyyələşdirdiyi layihənin təqdimatı keçiriləcək

Avropa İttifaqının maliyyələşdirdiyi layihənin təqdimatı keçiriləcək

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri” layihəsinin nəticələri Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Rüzgar Ekoloji İctimai Birliyi tərəfindən 29 yanvar saat 11:00-da onlayn formatda media nümayəndələrinə təqdim ediləcək.
Layihə evləri və təsərrüfatları 2010-cu ildə Kür çayında baş vermiş daşqınlar nəticəsində yararsız hala düşmüş İmişli rayonunun Telişli ekomiqrant qəsəbəsinin sakinləri üçün yeni gəlir mənbələrinin formalaşdırılmasına və yerli icmanın rolunun artmasına yardım göstərib. Aİ layihəyə 500 min manatdan artıq maliyyə dəstəyi verib.
2018-2020-ci illərdə bu layihəni həyata keçirən Rüzgar Ekoloji Birliyinin sədri İslam Mustafayev vurğulayıb: "Layihə çərçivəsində suvarma sisteminin təkmilləşdirilməsi, tərəkəmə xalça istehsalı sexinin qurulması, yolüstü servis kooperativinin yaradılması, hələb keçi fermasının tikilməsi və balıqçılığın inkişafı üçün göl təsərrüfatının yaradılması işləri həyata keçirilib”.
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas dedi: "Layihənin uğurlu nəticələri islahatlar proqramının həyata keçirilməsində, eyni zamanda insanların rifahı naminə onların hüquq və imkanlarının genişləndirilməsində vətəndaş cəmiyyəti təşkilatlarının nə qədər vacib rol oynadığını bir daha sübut edir".
Avropa İttifaqı 2014-cü ildən Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək üçün 40 milyon manat vəsait ayırıb. Regional və kənd təsərrüfatının inkişafı Aİ ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir. Hazırda Avropa İttifaqı regionların inkişafı üçün 15 qrant layihəni maliyyələşdirir. Bu layihələr eyni zamanda peşə təhsilinin inkişafı, kiçik ailə təsərrüfatlarına yardım, mikrosahibkarlığın inkişafı, məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması, aqroturizm, gənc sahibkarların dəstəklənməsi, inklüziv təhsil və s. kimi sahələrdə həyata keçirilməkdədir.

Mənbə: kaspi.az