Baydenin Qafqaz siyasəti necə olacaq - GƏLİŞMƏ


ABŞ-da yeni prezident Cozef Bayden administrasiyasını formalaşdırmaqda davam edir və hazırda başı daxili işlərə qarışıb.
“Yeni Müsavat”ın verdiyi xəbərə görə, artıq Senat Entoni Blinkenin ölkənin növbəti dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib.
Blinken ABŞ-ın beynəlxalq təhlükəsizlik prioritetlərini beynəlxalq səhnədə canlandırıb təsdiqləməli olacaq.
Ötən həftə namizədliyinin təsdiqi ilə bağlı dinləmələrdə Blinken Çin, İran, Rusiya və Şimali Koreyanın yaratdığı problemlərlə üzləşməyə hazır olduğunu bildirib.
O, Çinin ABŞ-ın milli maraqları üçün “ən ciddi sınaq olduğunu” deyib, lakin əməkdaşlıq üçün imkan olduğunu qeyd edib.
Obama administrasiyası dövründə dövlət katibinin müavini olmuş 58 yaşlı Blinkenin prezident Co Baydenlə yaxın əlaqələri var.
O, Bayden komitənin sədri olduğu dövrdə Senatın Xarici Əlaqələr Komitəsində kadr direktoru, daha sonra isə vitse-prezident Baydenin milli təhlükəsizlik müşaviri olub.
Ümumiyyətlə, Bayden administrasiyasının tərkibi ABŞ tarixində müxtəlifliyi təmsil etməsi ilə fərqlənəcək. Məsələn, Blinkenin kökləri Rusiya, İsrail və Avropaya gedib çıxır.
Ukraynanın Pereyaslav şəhərciyindəki qeydiyyat kitabına Blinken ailəsi barədə məlumat ilk dəfə 1874-cü ildə daxil edilib.
ABŞ-ın yeni vitse-prezidenti Kamala Harris isə bir tərəfi hindistanlı, bir kökü isə yamaykalıdır. Yeni müdafiə naziri Loyd Ostin qaradərilidir.
Azərbaycanda isə Baydenin komandasını bir o qədər dərindən təhlil etmirlər. Onların Cənubi Qafqaza, Türkiyə və Azərbaycana münasibəti, ermənilərlə bağlı fikirləri hələlik diqqət mərkəzinə gətirilmir.
Elə Bayden hakimiyyəti də fikrini daha çox daxili problemlərin həllinə, eləcə də Yaxın Şərq və Avropa İttifaqına yönəldib.
Azərbaycanda isə onun Qarabağ məsələsinə, rus sülhməramlılarına hansı mövqe nümayiş etdirəcəyi intizarla gözlənilir. Rusiyanın əzəli rəqibi olan Amerikada yeni iqtidarın hansı planlar qurduğu maraqlıdır.
Bu günə kimi Bayden hökuməti haqda azərbaycanlı ekspertlər ümidverici proqnozlar səsləndirməyiblər. Bunun da səbəbi Ağ Ev sahibinin ermənilərə simpatiyasından irəli gəlir.
Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, təkcə Bayden administrasiyası yox, elə prezidenin özü də ermənipərəst mövqeyi ilə fərqlənib. Onun fikrincə, Bayden bunu seçki ərəfəsində ermənilərin səsini qazanmaq üçün edə bilər: “Nəzərə alsaq ki, 907-ci düzəlişin həyata keçməsinə rəhbərlik edənlərin hamısı Bayden hakimiyyətində təmsil olunur. Amma inanmıram ki, Azərbaycanla Ermənistanı eyni tərəziyə qoysunlar. Düzdür, Amerika Azərbaycana maliyyə yardımını dayandırır, bizim onların maliyyəsinə ehtiyacımız da yoxdur. Amma bütövlükdə onların siyasətinə ehtiyatla yanaşıram. Çünki Bayden Trampın elədiklərinin əleyhinə gedir. Amerikanın yeni prezidenti dünyanın jandarmı rolu oynamağa qayıtmaq istəyir".
C.Nuriyev istisna etmir ki, ABŞ Rusiya ilə birləşib Çinə qarşı mübarizə aparsın: “Bu, bizim üçün təhlükədir. Bayden Çinlə yaxınlaşsa, Azərbaycan üçün xeyirli olacaq. Əgər Avropa Şurasının və ABŞ-ın dəstəklədiyi Ukrayna Polşanın xətti ilə əməliyyatlara başlasa, Rusiya üçün ciddi problemlər yaradacaq.
Əgər Bayden Qafqazı yox, Orta Asiya kartını seçsə, ondan istifadə etsə, Azərbaycan təzyiq altında qalacaq. Amma Baydenin Pakistan və Türkiyəyə münasibətə görə Azərbaycana qarşı yumşaq siyasət yürüdəcəyini gözləyirəm. Çünki bölgədə açar dövlət Azərbaycandır".
Siyasi ekspert Züriyə Qarayeva hesab edir ki, Cənubi Qafqaz Bayden administrasiyasının diqqət mərkəzindəki başlıca regionlardan biri olacaq: “Çünki Barak Obama və Donald Trampın dövründə Cənubi Qafqaz regionuna çox müdaxilə edilmədi.
Nəticədə Rusiya sözügedən regionda gücü artırmağa çalışdı. Xüsusən Qarabağ münaqişəsində Rusiya Minsk Qrupunun rolunu azaltdı.
Yaxın Şərqdə Rusiya digər qüvvələri kənarlaşdıraraq Türkiyə ilə hesablaşdı. Ehtimal edirəm ki, Baydenin də atacağı ilk addım Minsk Qrupunun yenidən qüvvəyə gətirilməsi olacaq".
Onun fikrincə, hətta bunun üçün II Qarabağ müharibəsinin nəticələrini tanımayacağını da səsləndirməsi gözləniləndir:
“Lakin bu ritorika heç bir əhəmiyyətə malik olmayacaq. Azərbaycan münaqişəni güc yolu ilə həll edərək torpaqlarını geri qaytarıb.
Baydenin təkan verə biləcəyi tək faktor erməni lobbisinin güclənməsi və Konqresə daha çox təsir imkanlarının yaradılması ola bilər.
Hansı ki, Baydenin konqresmenliyi dövründə onun erməni lobbisi ilə sıx münasibətləri və Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul etməsi bizə məlumdur.
Onun dəstəyi ilə Konqres Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı göstərən dünyada ilk qanunverici orqan olmuşdur. Amma onu da nəzərə alaq ki, Amerikanın xarici siyasəti yalnız prezidentin qərarları ilə çərçivələnmir. Bu istiqamətdə Pentaqonun və Dövlət Katibliyinin də rolu böyükdür.
Əminəm ki, bu qurumlar məğlub dövlətin yanında dayanmaqdansa, inkişafda olan dövlətlə əməkdaşlığa üstünlük verəcəklər".
“Yeni Müsavat”

Azerinfo.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan “quş qripi” xəstəliyinə görə riskli ölkə sayılır - RƏSMİ

SONRAKI XƏBƏR

AŞPA-nın qış sessiyası başa çatıb