ABŞ Ukrayna ilə bağlı BMT-də Rusiyanı tənqid edən 50 ölkənin birgə bəyanatına qoşulmayıb.
Təşkilatın YouTube kanalında yerləşdirilən videoya görə, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen BMT-də onu oxuyub.
Sənədi imzalayan ölkələr Rusiyanı “tam, dərhal və qeyd-şərtsiz atəşkəs”ə razı olmağa və Ukraynadakı münaqişənin həlli üçün danışıqları bərpa etməyə çağırıblar.
Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Yaponiya, Latviya, Litva, Monteneqro, Niderland, Yeni Zelandiya, Norveç, Moldova, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və digər ölkələr bəyanata qoşulublar. Amma ABŞ nədənsə onların arasında yer almayıb.
Nədən ABŞ bu sənədi imzalamaqdan imtina edib?
Konfliktoloq Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, ABŞ-nin bu davranışının bir çox səbəbləri var.
Onun fikrincə, səbəblərdən biri Avropanın İran məsələsində ABŞ-yə dəstək verməməsidir:
“Vaşinqton İran məsələsinə bir cür, Ukrayna-Rusiya müharibəsinə isə başqa cür baxır. İrana qarşı ittifaqa dəvət edilən Avropa ölkələri bu məsələdə Trampı tək qoyaraq ona dəstək vermədilər. Ona görə də indi Vaşinqton cavab zərbəsi ilə Avropanı cəzalandırır”.
Digər tərəfdən, müsahibimizə görə, ABŞ Rusiya-Ukrayna müharibəsində sırf merkantil və utilitar maraq güdür:
“Konfliktdən Amerikanın maraqları naminə maksimum istifadə etmək istəyir. Yəni Rusiya-Ukrayna müharibəsinə siyasi bazarlaşma obyekti kimi baxır. Tramp biznes düşüncəli siyasi xadim olaraq bu məsələdən şəriksiz mənfəət götürməyə çalışır. Trampın Ukrayna ilə müqaviləsi, habelə Putinlə də açıq-gizli danışıqları var. Həm də ABŞ şəriksiz olaraq “dünya polisi” rolunda çıxış etmək istəyir”.
Konfliktoloq hesab edir ki, belə vəziyyətin yaranmasına ABŞ ilə BMT arasında yaşanan problemlər də müəyyən dərəcədə təsir göstərir:
“ABŞ-nin BMT-yə xeyli borcu var. Həm də BMT-nin bəzi qərarları Vaşinqtonu məmnun etmir. Bu əsasda da BMT-də Ukrayna məsələsi ilə bağlı sərgilədiyi mövqe ilə özünü beynəlxalq təşkilatlardan da üstün aktor kimi göstərməyə çalışır”.
Amma müsahibimiz Trampın Ukrayna ilə bağlı Putinlə siyasi bazarlaşmasının heç də asan olmayacağı qənaətindədir:
“Təklikdə Putinlə bazarlaşmaq Tramp üçün çətin olacaq. Ona görə də o, Avropa ilə konsolidasiyaya getməlidir”.
Rüfət Sultan
Mənbə: www.bakupost.az