Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin avqustun 31-də Bişkekdə ikitərəfli görüş keçirəcəklər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini və mühüm beynəlxalq problemləri müzakirə edəcəklər. Daha sonra Putinin Hindistanın Baş naziri Narendram Modi ilə görüşü nəzərdə tutulub.
Uşakovun sözlərinə görə, sentyabrın 1-də Rusiya dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılır. Görüşdə Qara dəniz hövzəsindəki vəziyyət, Ukrayna münaqişəsi, eləcə də ticarət-iqtisadi sahədə ikitərəfli tərəfdaşlıq məsələləri diqqət mərkəzində olacaq.
Həmçinin sentyabrın 1-də Putinin İran Prezidenti Məsud Pezeşkianla bir araya gələcəyi bildirilib. Yaxın Şərqdəki gərginlik və Tehran ətrafında yaranmış mövcud vəziyyət baxımından bu danışıqların xüsusi aktulluq kəsb etdiyi vurğulanıb.
Qeyd edək ki, Rusiya Prezidenti avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə səfərdə olacaq və burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Mənbə: qafqazinfo.az