"Əflatun Amaşovun da bu cinayətdə əli var" - Sərdar Cəlaloğlu

"Əflatun Amaşovun da bu cinayətdə əli var" - Sərdar Cəlaloğlu

Ləğv olunmuş KİVDF-nin keçmiş İcraçı direktoru Vüqar Səfərlinin həbs edilməsi müəyyən iddiaların ortaya çıxmasına səbəb olub. Belə ki, səsləndirilən iddialardan biri də Vüqar Səfərliyə qədər Mətbuat Şurasının sədri Əflatun Amaşovun da mənzillərin və maliyyənin ayrılmasında rolunun olmasıdır.

Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, hansı oyunların oynanılmasını hüquq-mühafizə orqanları daha yaxşı bilər: “Təbii ki, jurnalistlərin və jurnalistlərin fəaliyyəti ilə bağlı yaradılan təşkilatların da bu cinayətdə bu və ya digər formada əli var. Çünki müəyyən arayışlar və tövsiyələr onların əlli ilə verilirdi. Belə ki, o vaxt belə bir qayda var idi ki, hər hansı bir jurnalist prokurorluq tərəfindən xəbərdarlıq alırdısa, onun adı mənzil veriləcək insanların siyahısından çıxarılırdı. Mənzil verilməyə başlayanda həmişə “Hürriyyət” qəzetinin redaktorunu prokurorluğa çağırırdılar. Səbəbini də soruşanda deyirdilər ki, xəbərdarlıq edir, bunun nəyi pisdir. Dərhal da ondan sonra “Hürriyyət”in adını mənzil siyahısından çıxarırdılar. Kimə mənzil vermək istəmirdilərsə, dərhal prokurorluğa göstəriş verirdilər ki, onu çağırıb, heç bir əsası olmadan xəbərdarlıq elə. Təsadüfə baxın ki, mənzil paylanılan zaman bəzi jurnalistlərə prokurorluq tərəfindən xəbərdarlıq edilirdi”.

Partiya sədri vurğulayıb ki, prokurorluğa da müraciətlər Mətbuat Şurası tərəfindən verilirdi: “Çünki təqdimat olmadan prokurorluq jurnalist barəsində qərar qəbul edə bilməz. Əflatun Amaşovun da bu məsələdə əlinin olduğunu düşünürəm. Ən azı jurnalistləri müdafiə etməyib. Ola bilər ki, sözügedən qurum aktiv şəkildə kiminsə hüququnu pozmayıb. Amma Əflatun Amaşov yaxşı bilir ki, hansı qəzet necə çıxır, nə işlə məşğuldur. Düşünürəm ki, o, bu məsələlərdə mövqe ortaya qoya bilərdi ki, nəyə görə 30 il fəaliyyət göstərən, ardıcıl çıxan mətbuatın uzun illər fəaliyyət göstərən əməkdaşına mənzil verilmir, amma 1 həftə ərzində yalandan əmri verilən sürücü, katibə kimi işləyənlər evlə təmin edilir. Katibənin və sürücünün mətbuat işçisi kimi necə statusu ola bilər ki, onlara da mənzil verilsin.

Halbuki qəzetin redaktorunun və yazarın heç bir statusu yoxdur. Bu cür qəribə hallar baş verib. Bunların hamısı yoxlanılmalıdır. Aşkara çıxarılmalıdır ki, o vaxt arayışları və tövsiyələri kim verib. Təbii ki, bu cinayətdə hamısının əli var”.

Mənbə: konkret.az