ABŞ qoşunları İranla sərhəddə: Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı sensasion iddia

ABŞ qoşunları İranla sərhəddə: Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı sensasion iddia

Ermənistanda Tramp Marşrutu Layihəsinin (TRIPP) həyata keçirilməsi ABŞ qoşunlarının birbaşa İran sərhədində yerləşdirilməsinə imkan verəcək.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov Şərq İqtisadi Forumunda (EEF-2026) bildirib.

Şevtsov qeyd edib ki, Ermənistandan keçən "Tramp marşrutu" Qərbə, amerikalılara öz qoşunlarını və ya özəl hərbi şirkətlərini, kəşfiyyat infrastrukturunu birbaşa Ermənistan ərazisində, İranla sərhədə yaxın ərazidə yerləşdirməyə imkan verir.

“Beləliklə, Qərb İran sərhədinə yaxın bir yerdə hərbi infrastruktur yaratmaq istəyir. Ermənistan TRIPP-i inkişaf etdirməklə və dəstəkləməklə həm Rusiya, həm də İranla münasibətlərini pozmaq riski daşıyır”, - Şevtsov deyib.

TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin yalnız Ermənistan yurisdiksiyası daxilində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə xələl gətirməyəcəyi vurğulanır.

Layihəyə əsasən, Ermənistan ABŞ-a Azərbaycanın Naxçıvanla quru əlaqəsi qurmağı ümid etdiyi marşrutu inkişaf etdirmək üçün 99 ilə qədər uzunmüddətli eksklüziv hüquqlar verəcək. Sazişdə əsas məsələlərə nəzarət mexanizmləri ilə yanaşı, əksər payı ABŞ-a məxsus olan bir şirkətin yaradılması nəzərdə tutulur. Birinci mərhələdə ABŞ-a 74% pay təklif olunur, Ermənistana isə 26% pay verilir və sazişin yenilənməsi ilə Ermənistanın payını 49%-ə çatdırmaq imkanı var.

Müəllif: Tural

Mənbə: publika.az