Qeyri-adi təklifləri ilə tez-tez gündəmə gələn ABŞ Prezidenti Donald Tramp bu dəfə Hörmüz boğazının adının dəyişdirilərək “Tramp boğazı” adlandırılmasını təklif edib.
Tramp sosial media paylaşımında boğazın artıq ABŞ-nin nəzarətində olduğunu iddia edərək, belə bir ad dəyişikliyinin ərazini daha da məşhurlaşdıracağını bildirib.
Qeyd edək ki, bundan bir qədər əvvəl Tramp Ontario gölünün “Amerika gölü” adlandırılmasını da təklif etmişdi.
Bəs Tramp bu cür qeyri-adi təkliflər səsləndirməklə hansı məqsədi güdür?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Bakupost”a bildirib ki, Trampın belə bəyanatlarının əsas ünvanı daxili auditoriyadır:

“Noyabrda ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Hazırda həm yuxarı, həm də aşağı palatada respublikaçılar üstün mövqedədir. Amma proqnozlara görə, Trampın partiyası bu üstünlüyünü itirə bilər. Tramp şou-biznesi də yaxşı bacarır. Ona görə də tez-tez bu cür bəyanatlarla gündəm yaratmağa çalışır”.
Tofiq Zülfüqarovun fikrincə, buna baxmayaraq, boğaz və ya göllərin adlarının dəyişdirilməsi ilə bağlı təkliflərin amerikalı seçicilərin mövqeyinə ciddi təsir göstərəcəyini gözləmək olmaz:
“Amerikalılar coğrafiyanı, xüsusilə də siyasi coğrafiyanı o qədər də yaxşı bilmirlər. Vaxtilə məşhur bir zarafat vardı: guya Corc Buş soruşub ki, “İran, yoxsa İraq yazmaq düzdür?” Yəni elə bilib ki, bunlar eyni ölkədir. Bu baxımdan haradasa hansısa gölün və ya boğazın adının dəyişdirilməsi ilə bağlı təkliflərin seçicilərə ciddi təsir edəcək bəyanat olduğunu düşünmürəm”.
Ekspert hesab edir ki, bu tip açıqlamalar daha çox Trampın siyasi üslubunun və daim diqqət mərkəzində qalmaq strategiyasının tərkib hissəsidir.
Rüfət Sultan,
BakuPost
Mənbə: www.bakupost.az