Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narişkin Avropa İttifaqını MDB məkanında sabitliyi pozmağa və etiraz əhval-ruhiyyəsini gücləndirməyə çalışmaqda ittiham edib.
Rusiya mediasına istinadən xəbər verilir ki, Narişkin bu barədə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Sankt-Peterburqda keçirilən XXII iclasında çıxış edərkən danışıb.Onun sözlərinə görə, Avropa elitaları bir tərəfdən Avropanın müdafiə və nüvə potensialının gücləndirilməsi istiqamətində addımlar atır, digər tərəfdən isə postsovet məkanında siyasi sabitliyə təsir göstərməyə çalışırlar.“Avropada vermaxt ruhunu dirçəltmək cəhdləri ilə eyni vaxtda Avropa elitaları MDB ölkələrində sabitliyin pozulması istiqamətində ciddi səylər göstərirlər”, – deyə SVR rəhbəri bildirib.
Narişkin xüsusilə Avropa fondları və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə diqqət çəkib. O iddia edib ki, yalnız Avropa Demokratiya Fondunun xətti ilə hər il postsovet məkanında fəaliyyət göstərən müxtəlif “humanitar” QHT-lərə yüz milyonlarla avro ayrılır. SVR rəhbərinin fikrincə, bu təşkilatların əsas, lakin açıq şəkildə elan edilməyən məqsədi cəmiyyətdə parçalanma və gərginliyi davamlı vəziyyətdə saxlamaq, hakimiyyətə qarşı etiraz əhval-ruhiyyəsini stimullaşdırmaqdır. “Onların əsas qeyri-aşkar rolu cəmiyyəti daimi parçalanma və gərginlik vəziyyətində saxlamaq, hakimiyyətə qarşı istehlakçı münasibəti və etiraz əhval-ruhiyyəsini stimullaşdırmaqdır”, – Narişkin deyib.
O, xüsusilə gənclər hərəkatlarının dəstəklənməsi, araşdırmaçılar və siyasi partiyaların qurulmasına yönəlmiş layihələri perspektivli istiqamətlər kimi qiymətləndirib. Narişkinin iddiasına görə, Brüssel MDB dövlətlərinin suverenliyini və təhlükəsizliyini qorumağa yönəlmiş qanunlar qəbul etməsinə də mane olmağa çalışır.
Narişkinin açıqlamaları xüsusilə Qərblə Rusiya arasında geosiyasi qarşıdurmanın kəskinləşdiyi bir vaxtda səslənib və MDB məkanında QHT-lərin, media qurumlarının, gənclər təşkilatlarının və siyasi layihələrin xarici maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirib.
Rusiya kəşfiyyatının rəhbərinin MDB ölkələrində Qərbin təsir imkanlarının artması ilə bağlı xəbərdarlığı Moskvanın postsovet məkanında baş verən proseslərə nə qədər həssas yanaşdığını göstərir. Burada söhbət təkcə QHT-lərdən və xarici maliyyələşmədən getmir. Əslində, daha böyük geosiyasi mübarizə gedir. Rusiya MDB məkanını özünün təhlükəsizlik və strateji maraq zonası hesab edir. Avropa İttifaqı və ABŞ isə son illərdə bu ölkələrlə siyasi, iqtisadi, enerji və təhlükəsizlik əlaqələrini genişləndir.
Narişkinin xəbərdarlığının Azərbaycan və digər MDB ölkələri üçün də mühüm mesajı var: qarşıdakı dövrdə postsovet məkanında mübarizə yalnız hərbi və iqtisadi müstəvidə aparılmayacaq. İnformasiya, ictimai rəy, gənclər, QHT sektoru və siyasi proseslər uğrunda rəqabət də getdikcə sərtləşə bilər.
Narişkinin çıxışını məhz bu prizmadan oxumaq lazımdır. Moskva açıq şəkildə siqnal verir ki, MDB uğrunda geosiyasi rəqabətin dərinləşməsini öz milli təhlükəsizliyinə təhdid hesab edir. Bu isə o deməkdir ki, postsovet məkanında siyasi proseslərin gələcəkdə daha böyük geosiyasi qarşıdurmaların əsas meydanlarından birinə çevrilməsi ehtimalı artır.
Mənbə: musavat.com