ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin Moskva səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov vasitəçilərin səylərini yüksək qiymətləndirərək, Moskvanın Ukrayna üzrə üçtərəfli sülh danışıqlarının bərpa olunması ehtimalını tamamilə istisna etmədiyini bəyan edib. Bununla yanaşı, Kreml sözçüsü ABŞ emissarlarının Moskva görüşündə təqdim etdiyi yeni şərtlərin "Ankoric formulu"ndan nə ilə fərqləndiyini açıqlamaqdan imtina edib.
Görəsən, emissarların təqdim etdiyi yeni şərtlər “Ankoric formulu”ndan nə ilə fərqlənir?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, yeni şərtlərdə əsas məqam Rusiyanın işğal etdiyi ərazilərə müvvəqəti statusun verilməsi məsələsilə bağlıdır:

“İndi müzakirə müvəqqəti status daxilində bu və ya digər tərəfi qane edən bəndlər ətrafındadır. Digər məsələ isə hansı konfiqurasiyanın əldə olunması məsələsidir.
Tərəflər arasında atəşkəs rejimi və onun texniki şərtləri əsasında müvəqqəti sülh razılaşması əldə oluna bilər. Amma görünən odur ki, hər iki tərəf sənəddə hansısa siyasi məsələlərin də öz əksini tapmasını istəyir. Rusiya çalışır ki, razılaşmada nəzarətində olan işğal etdiyi ərazilərin statusu tam şəkildə olmasa da mübahisəli ərazi statusu kimi tanınsın. Ukrayna isə bunu qəbul etmir”.
Müsahibimiz qeyd edir ki, zərbələr şiddətlənsə də, onun hansısa bir tərəfin üstünlüyü ilə yekunlaşacağı inandırıcı deyil:
“Ölkə ərazisinin başqa dövlətə verilməsi səlahiyyəti də yalnız Ukrayna xalqına məxsusdur və bu referendum vasitəsilə həyata keçə bilər. İndiki mərhələdə şiddətlənən hərbi əməliyyatların yekun nəticə verəcəyi gözlənilmir. Tərəflərdən hansısa biri digər tərəfi məğlub edə bilməz”.
Mənbə: www.bakupost.az