Taliban hakimiyyəti ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə Əfqanıstanda əvvəlki hökumətin süqutundan sonra ölkədə qalan ABŞ silahlarının və hərbi texnikasının geri qaytarılması tələbini bir daha rədd edib.
“Əl-Hədəs” telekanalına istinadən xəbər verilir ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqəhhar Bəlxi məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, ABŞ tərəfindən Əfqanıstanda qoyub gedilən silah və hərbi texnika artıq Əfqanıstan dövlətinin mülkiyyətindədir və onların qaytarılması ilə bağlı heç bir danışıqlar aparılmır.
Bəlxi ABŞ-ın Əfqanıstanda apardığı müharibəyə də toxunaraq bildirib ki, Vaşinqton ölkəyə vurduğu zərərə görə ilk növbədə özü “haqq-hesab verməlidir”.
ABŞ Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, 2021-ci ilin avqustunda Talibanın nəzarətinə keçən keçmiş Əfqanıstan ordusunun arsenalında ABŞ-ın maliyyəsi hesabına əldə edilmiş təxminən 7 milyard dollar dəyərində silah və hərbi texnika olub. Donald Tramp Ağ Evə qayıtdıqdan sonra həmin silah və texnikanın geri qaytarılmasını bir neçə dəfə tələb edib.
Mənbə: publika.az