Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət etdi

Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət etdi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinə gəliblər.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Mədəniyyət Mərkəzi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.

Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.


Mənbə: unikal.az