İran XİN sözçüsü: Səudiyyə Ərəbistanı Oman görüşünün keçirilməməsini istəyib

İran XİN sözçüsü: Səudiyyə Ərəbistanı Oman görüşünün keçirilməməsini istəyib

İran və Oman arasında anlaşma yekunlaşıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün Omanda keçirilməsi planlaşdırılan görüşlə bağlı açıqlama verib.

Bəqai bildirib ki, İran və Oman arasında əldə olunan anlaşma iki dövlətə aiddir və məsələnin bütün aspektləri həftələrlə davam edən müzakirələrdən sonra razılaşdırılıb. Onun sözlərinə görə, bu məsələ Oman görüşündə müzakirəyə çıxarılmalı idi.

“Bu, İran və Oman tərəfindən yaradılmış bir fürsət idi və gözlənilirdi ki, region ölkələri bu fürsəti dəyərləndirsinlər. Əgər hesab edirlərsə ki, bir araya gələrək regionda zərərli aktorların müdaxiləsindən uzaq, təhlükəsiz məkanın yaradılması barədə dialoq aparmalıyıqsa, bu, münasib fürsət idi”, – deyə Bəqai qeyd edib.

XİN sözçüsü əlavə edib ki, Səudiyyə Ərəbistanının bu görüşün keçirilməməsini istəməsi ilə bağlı yayılan xəbər doğrudur.

Bəqai bildirib ki, məsələ ilə bağlı Yəmənə istinad edilməsi yanlış istiqamət göstərməkdir: “Yəməndəki problemlərin kökləri uzun illərə gedib çıxır. İran olaraq biz praktikada kömək etməyə hazır olduğumuzu göstərmişik və sizinlə aramızda razılaşdırılan yol xəritəsinə müdaxilə etməməliyik.”

O vurğulayıb ki, İran və Oman arasında anlaşma yekunlaşıb və növbəti addım Omanla məsləhətləşmələr əsasında müəyyən ediləcək.

Mənbə: apa.az