Mövcud vəziyyət fonunda xatırlatmaq yerinə düşər ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın avqustda imzaladıqları müdafiə sazişində NATO-nun 5-ci maddəsinə bənzər qarşılıqlı öhdəlik var. Husilərin Səudiyyəyə hücumları davam etdikcə, bu mexanizmin real böhranda necə işləyəcəyi sualı ortaya çıxır.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirib ki, hazırkı vəziyyət bu paktın kağız üzərindəki müddəadan real təhlükəsizlik mexanizminə çevrilməsi üçün ilk ciddi sınaqdır.
O vurğulayıb ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə görə tərəflərdən birinə qarşı silahlı hücum onların hamısına qarşı həmlə sayılmalıdır:

"Lakin bunun NATO-nun 5-ci maddəsi ilə tam eyni olduğunu söyləmək düzgün olmaz. Digər tərəfdən isə bu sazişin faktiki icra mexanizmləri hələ sınaqdan keçirilməyib. Husilərin Səudiyyənin cənubundakı hərbi və enerji obyektlərinə ardıcıl zərbələri məhz bu baxımdan çox həssas məqamdır. Son hücumların miqyası artıq adi sərhəd toqquşması səviyyəsini keçib. Raket və PUA hücumları Cizan, Əbha, Nəcran və digər ərazilərdə enerji və hərbi infrastruktura ziyan vurub. Husilərin Şarura hərbi bazasına zərbə endirdiklərini bəyan etmələri də gərgin vəziyyətin davam etdiyini göstərir. Belə bir şəraitdə tərəflərin ilk addımının birbaşa müharibəyə qoşulmaq olacağını düşünmürəm. Tərəflər çox güman ki, müdafiə və çəkindirmə mexanizmlərini aktivləşdirmək üçün addımlar atacaqlar. Türkiyə hava hücumundan müdafiə, PUA və kəşfiyyat imkanları ilə Səudiyyəyə dəstək verə bilər. Pakistanın isə hərbi qüvvə göndərməkdən əvvəl hava hücumundan müdafiə, sərhəd təhlükəsizliyi və kəşfiyyat sahəsində iştirak etməsi daha real görünür. Bununla yanaşı, Pakistanın İranla münasibətlərinə görə çox həssas vəziyyətdə olduğunu da nəzərə almaq lazımdır".
Siyasi şərhçinin sözlərinə görə, İslamabad bir tərəfdən saziş üzrə öhdəliyini vurğulayır, digər tərəfdən Tehranla vasitəçilik imkanlarını qorumağa çalışır:
"Pakistanın son açıqlaması da bunu göstərir. İslamabad Səudiyyəyə hücumları pisləsə də, saziş çərçivəsində hər hansı hərbi cavabın müzakirə olunmadığını bildirir. Bu, paktın avtomatik şəkildə "birinə hücum varsa, dərhal qoşun göndərilməlidir" mexanizmi olmadığını göstərən mühüm siqnaldır. Bununla belə, hücumlar davam edərsə, xüsusilə Səudiyyənin enerji infrastrukturu və ərazisində ciddi insan itkisi yaranarsa, Riyadın sazişə istinad edərək Ankara və İslamabaddan daha konkret dəstək tələb etməsi ehtimalı artacaq. Türkiyə üçün birbaşa Yəmən müharibəsinə daxil olmaq risklidir, Pakistan üçün isə İranla qarşıdurmaya sürüklənmək daha da həssas məsələdir. Buna görə ilk mərhələdə hava müdafiəsi, kəşfiyyat, logistika, silah-sursat və siyasi koordinasiya daha real görünür. Ümumiyyətlə isə paktın işə düşməsi mümkündür, amma bunun ilk forması kollektiv hücum əməliyyatı olmayacaq. Daha çox Səudiyyənin müdafiəsinin gücləndirilməsi formasında kollektiv təhlükəsizlik mexanizmi yarana bilər. Əgər husilər Səudiyyə ərazisinə hücumları genişləndirər və bu hücumlar İranla birbaşa əlaqələndirilə biləcək daha böyük regional münaqişəyə çevrilərsə, o zaman Məkkə paktı həqiqətən tarixi sınaq qarşısında qalacaq. Hazırda isə tərəflər üçün əsas məqsəd paktı işə salmaqdan daha çox onun çəkindirmə gücünü nümayiş etdirməkdir".
Mənbə: oxu.az