Xəbər verildiyi kimi, Türkiyədə “ASAL Araştırma” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycanı ölkənin ən yaxın dostu hesab edilib. Respondentlərin 66,5%-i Azərbaycanı Türkiyənin ən yaxın dost dövlət hesab edib.
Dost ölkələr siyahısında ilk beşlik belədir: Azərbaycan – 66,5%; Yaponiya – 50,2%; Çin – 48%; İtaliya – 46,7%; Rusiya – 38,4%.
Türkiyə vətəndaşlarının düşmən saydığı dövlətlərin ilk beşliyi isə belədir: İsrail – 83%; ABŞ – 74,6%; Yunanıstan – 61,5%; İran – 51,7%; Fransa – 48,4%.
Maraqlıdır, düşmənlərin ilk beşliyində Türkiyəyə qarşı hələ də rəsmən ərazi iddiası olan və uydurma “soyqırımı” iddiasından imtina eləməyən Ermənistan niyə yoxdur? Yoxsa Türkiyə əhalisi bu ölkəni ciddi düşmən hesab eləmir?
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Türkiyədə “ASAL Araştırma” adlı şirkətin keçirdiyi sorğunun nəticələri diqqətçəkəndir: “Düzdür, Azərbaycan sorğunun nəticəsinə görə, Azərbaycan ən yaxın dost kimi qəbul edilən ölkələr sırasında ilk yerdədir. Lakin sual doğuran təkcə Ermənistanın düşmən kimi qəbul edilən ilk beşlikdə olmaması deyil, eyni zamanda sorğuda 20 faiz iştirakçının Azərbaycanı düşmən kimi gördüyünü bildirməsidir. Açığı bu iki sual doğuran məqam adamda həmin sorğunun necə keçirildiyinə, hansı məqsədə xidmət etdiyinə şübhələr yaradır. Axı necə ola bilər ki, Türkiyədə keçirilən rəy sorğusunda 20 faiz iştirakçı qardaş Azərbaycan dövlətini “düşmən” hesab etsin. Bu inandırıcı deyil. Rəy sorğusunun nəticələrində Ermənistanın adının ümumiyyətlə olmaması da sorğunun düzgün keçirildiyinə şübhələr yaradır. Axı necə ola bilər ki, Ermənistanı hətta bir faiz belə, düşmən hesab etmir, lakin Azərbaycanı 20 faiz düşmən hesab edir. O da mümkündür ki, respondentlərə konkret ölkələrin siyahısı təqdim olunub və orada Ermənistanın adı olmayıb”.
Professorun daha bir etimalına görə, əgər konkret dövlətlər siyahısı təqdim edilməyibsə, Ermənistanın düşmən hesab edilən dövlətlər sırasında yer almaması hazırda Ermənistanın Türkiyə cəmiyyətinin gündəmində hazırda İsrail, ABŞ və Yunanıstan qədər ön planda olmaması ilə bağlıdır: “Türkiyə cəmiyyətinin Ermənistanı əsas düşmən kimi qəbul etməməsi Ermənistan-Türkiyə münasibətlərində artıq problemin qalmadığı demək deyil. Sadəcə Ermənistan Türkiyə cəmiyyətinin hazırkı ictimai-siyasi gündəmində digər adı çəkilən ölkələr qədər mühüm yer tutmur”.
Etbar Seyidağa
Mənbə: musavat.com