İki gün öncə İran xarici işlər naziri Abbas Əraqçi Çində səfərdə olub.
Onun çinli həmkarı Vanq Yi ilə görüşündə yalnız ikitərəfli münasibətlər deyil, ABŞ ilə danışıqlar və Yaxın Şərqdəki təhlükəsizlik məsələləri də müzakirə olunub.
Konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, İran xarici işlər nazirinin Çinə səfəri tamamilə təbii və gözlənilən idi:
“Yaxınlarda Çin liderinin ABŞ-yə səfəri nəzərdə tutulub. Bu səfər ərəfəsi Pekin strateji tərəfdaşlarla bəzi məsləhətləşmələr aparmağı, habelə Donald Trampla görüşdə bir sıra məqamlarla bağlı informasiya əldə etmək, eyni zamanda, İranın maraq və təkliflərini Vaşinqtonda səsləndirməyi düşünür”.
Müsahibimiz düşünür ki, Əraqçinın Pekinə səfəri fonunda Çin lideri üçün Trampla siyasi bazarlaşma məsələsində gözəl fürsət pəncərəsi açılıb:
“Çin İranın kapitulsiyaya getməsini istəmir. Eyni zamanda, Pekin İranın Hörmüz boğazı ilə bağlı yaratdığı yeni reallığı da qəbul etmir.
Pekin həm ABŞ ilə İran arasında vasitəçi kimi aktor funksionallığını artırır, digər tərəfdən də siyasi-iqtisadi bazarlaşmaya gedir. Çin strateji tərəfdaş olsa da İrana görə ABŞ ilə münasibətləri heç də korlamaq istəmir.
Bu mənada Əraqçinın Pekin səfəri də əqrəblərin uyğunlaşdırılması baxımından məna kəsb edir. Tehran hesab edir ki, Çin vasitəsilə ABŞ-yə öz şərt və mövqeyini çatdıra bilər və bu fonda Pekinin vasitəçilik missiyasına sadəlövcəsinə olmasa da, inanmaq istəyir”.
Mənbə: www.bakupost.az