Hərbi əks-kəşfiyyatdan qadağa - Rus əsilli almanlar Litvaya göndərilməyəcək

Hərbi əks-kəşfiyyatdan qadağa -

Bundesver (Almaniya silahlı qüvvələri-red.) təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqları əsas gətirərək Rusiya kökənli Almaniya vətəndaşlarının Litvadakı briqadada xidmət etməsinə qadağa qoyub.

Bu barədə "Bild" məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.

Məqalədə qeyd edilib ki, alman hərbçilər xüsusi təhlükəsizlik yoxlamasından keçirlər. Onların bəziləri Rusiya və ya Belarus əsilli olduqları üçün bu yoxlanışdan uğurla keçə bilmirlər. Bununla belə, həmin hərbçilər Bundesverdə xidmətlərini davam etdirirlər. Onlar hətta Rusiya və ya Belarusdakı qohumlarını ziyarət də edə bilərlər. Lakin hərbçilər bu cür səfərlər barədə rəhbərlərinə əvvəlcədən məlumat verməlidirlər.

Məlumata görə, aparılan yoxlamalar hərbi əks-kəşfiyyat agentliyi (MAD) tərəfindən təşkil olunur.

Almaniya Müdafiə Nazirliyi məşhur qəzetdə dərc olunan məlumatın doğruluğunu təsdiqləyib. Rusiya əsilli almanların Şimali Atlantika Alyansının şərq cinahında xidmət etməsi ilə bağlı icazələr həqiqətən də müvafiq qurum tərəfindən rədd edilirmiş. Lakin nazirlik hər kəsi əmin edib ki, "Rusiya və ya Belarusla ailə əlaqələri qalan hərbi qulluqçular hər hansı stiqmatizasiya və ya ayrı-seçkiliyə məruz qalmayacaqlar".

Müəllif: Tural

Mənbə: publika.az