Azərbaycan Ermənistana mövcud vəziyyətdən çıxış yolunu göstərən siyasi jestlər edir - ŞƏRH

Azərbaycan Ermənistana mövcud vəziyyətdən çıxış yolunu göstərən siyasi jestlər edir - ŞƏRH

2026-cı ilin reallıqları fonunda Ermənistanda mövqeyindən asılı olmayaraq, hər hansı şəxs Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatların fəaliyyətinə etiraz edirsə, bu, Ermənistan dövlətinin həmin qruplara imkan yaratması anlamına gəlir. Bu isə heç də sağlam danışıqlar mühiti deyil.

Azərbaycan öz ərazisində diplomatların hansı şəhərə səfər etməsi və həmin şəhərlərdə hansı fəaliyyətlə məşğul olması ilə bağlı qərarları özü verir. Bu, suveren Azərbaycanın daxili işidir. Ermənistanda kiminsə bu məsələlərə müdaxilə etməyə çalışmaq cəhdləri yolverilməzdir.

Bu fikirləri Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.

O bildirib ki, bu, həmin Ermənistandır ki, dəfələrlə Azərbaycan ərazilərinə dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərin qanunsuz səfərlərini təşkil edib. Bütün bunları həyata keçirən şəxslərin bir qismi bu gün Azərbaycanda həbsdədir, yaxud Ermənistanda yeni reallıqla üz-üzə qalıb. Ona görə də Ermənistan dövləti bilməlidir ki, heç bir qüvvə Azərbaycanın daxili işlərinə müdaxilə etmək iqtidarında deyil. Diplomatik korpus nümayəndələrinin isə Qarabağa və Şərqi Zəngəzura səfərləri bundan sonra da təşkil ediləcək.

“Ermənistandakı narahatlığın böyük hissəsi məhz erməni kilsəsinin, onun tarixlə bağlı iddialarının ifşası ilə əlaqədardır. Azərbaycan tərəfinin mövqeyinə görə, erməni kilsəsinin formalaşması Qafqazın, o cümlədən Albaniya və Azərbaycan tarixinin mənimsənilməsi cəhdləri ilə bağlıdır. Bu yanaşma erməni diasporasının, erməni kilsəsinin və Ermənistandakı bir sıra dairələrin xoşuna gəlməsə də, Azərbaycan bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoyur. Əgər gələcəkdə Azərbaycan torpaqları ilə bağlı yenidən ərazi iddiaları irəli sürülərsə, bunun nəticəsində tarixi və hüquqi məsələlərin, o cümlədən müxtəlif dini və tarixi abidələrin mənsubiyyəti məsələsinin də gündəmə gəlməsi mümkündür. Ona görə də belə məsələlərdə Ermənistan tərəfinin daha diqqətli olması və gərginliyi artıracaq addımlardan çəkinməsi məqsədəuyğun olardı”, - deyə Z.Məmmədov vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan bölgədə sülhün bərqərar olmasında, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında, eləcə də Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlıdır. Azərbaycan qalib ölkə kimi Ermənistana mövcud vəziyyətdən çıxış yolunu göstərən siyasi jestlər də edir. Ermənistan da qarşısındakı seçimlərdən düzgün nəticə çıxarmalı və üzərinə götürdüyü öhdəlikləri tam və ardıcıl şəkildə yerinə yetirməlidir.

Mənbə: azertag.az