İsraili narahat edən sual: Türkiyə niyə bu miqyasda silahlanır?

İsraili narahat edən sual: Türkiyə niyə bu miqyasda silahlanır?

İsrail mətbuatı Türkiyənin sürətlə artan hərbi-dəniz gücünün Tel-Əvivdə ciddi narahatlıq yaratdığını yazıb.

İsrailin “i24 News” telekanalı və ordu radiosunda yayımlanan xəbərlərdə Türkiyənin müdafiə sənayesindəki inkişafı, xüsusilə Hərbi Dəniz Qüvvələrinin artan imkanları diqqətə çatdırılıb.

Tel-Əviv universitetindən ekspert Hay Eytan Cohen Yanarocak bildirib ki, Türkiyənin hərbi imkanlarının genişlənməsi İsrail üçün diqqətçəkən məsələdir.

Onun sözlərinə görə, Türkiyə ötən il 5-i sualtı qayıq olmaqla 31 döyüş gəmisi inşa edib. “Bizi narahat edə biləcək məsələ də budur. Sual yaranır: Türkiyə niyə bu miqyasda silahlanır?” - deyə ekspert bildirib.

Yanarocak Türkiyənin Qərbi Liviya, Somali və Qətərdə mövcudluğuna da diqqət çəkərək, Ankara üçün güclü donanmanın bu bölgələrdə uzunmüddətli hərbi mövcudluq yaratmağa imkan verdiyini vurğulayıb.

İsrail təhlükəsizlik rəsmilərinin Türkiyənin artan sualtı qayıq imkanlarını nəzərə alaraq, ölkənin sualtı qayıq donanmasının genişləndirilməsini təklif etdiyi bildirilir.

Məlumata görə, Türkiyənin hazırda 14 operativ sualtı qayığı var və qarşıdakı illərdə bu sayın 18-ə çatdırılması gözlənilir. İsrailin isə hazırda 5 sualtı qayığı mövcuddur, 6-cı sualtı qayığın yaxın zamanda ölkəyə çatacağı gözlənilir.

Mənbə: publika.az