Özbəkistan hərbçiləri Türkiyə-Azərbaycan hərbi təlimlərində: Rusiya niyə qıcıqlanır?

Özbəkistan hərbçiləri Türkiyə-Azərbaycan hərbi təlimlərində: Rusiya niyə qıcıqlanır?

Sentyabrın 21-dən oktyabrın 1-dək keçirilən “Gücün birliyi – 2026” təlimlərinə Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistanın hərbi qulluqçuları da cəlb olunub. Təlimlər Qarabağ, Naxçıvan və Xəzər istiqamətlərini əhatə edir. Manevrlərdə quru qoşunları, aviasiya, dəniz vasitələri və pilotsuz uçuş aparatlarından istifadə olunur.

Bu Özbəkistan hərbçilərinin Azərbaycan və Türkiyə hərbçilərilə birlikdə ilk belə hərbi təlimidir.
Onu da qeyd edək ki, eyni anda KTMT çərçivəsində də hərbi manevrlər keçirilir.
Hərbi ekspert Üzeyir Cəfərov “Bakupost”a bildirib ki, Türkiyə, Azərbaycan və. Özbəkistan arasında keçirilən hərbi təlimlər perspektivə hesablanmış təlimlərdir:
“Sentyabrın 21-dən oktyabrın 1-dək keçirilən “Gücün birliyi – 2026” təlimləri aktiv şəkildə müzakirə olunur. Özbəkistan hərbi qulluqçuları da ilk dəfədir ki, bu təlimlərə qatılıb. Özbəkistanın həmin təlimlərdə iştirakı Rusiya mediasında ciddi narahatlıq doğurub. Amma bütün hallarda keçirilən təlimlərə rəğmən Moskva ilə Daşkənd arasında hansısa bir gərginlik müşahidə edilmir. Bir vaxtlar KTMT-də yer alan Daşkənd indi onunla hərbi əməkdaşlığı yalnız təlim müstəvisində davam etdirir”.
Ekspert qeyd edir ki, Özbəkistan sözügedən hərbi təlimlərə özünün döyüş ruhunun hazırlıq mərhələsi kimi baxır:
“Azərbaycanla Özbəkistan 2024-cü ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb. Burada tərəflər bütün sahələrdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı genişləndirmək niyyətini bəyan ediblər. Hər iki ölkənin Müdafiə Nazirliyi nümayəndələri bir-birinə səfərlər həyata keçirib. Özbəkistan hərbçiləri burada iştirakla NATO ölkəsi Türkiyə və müharibədə Zəfər qazanmış Azərbaycandan müəyyən bilgi, bacarıq və təcrübəni nümunə olaraq götürürlər”.
Müsahibimizin sözlərinə görə, növbəti mərhələdə bu sayaq hərbi təlimlərdə iştirakçıların sayı digər Mərkəzi Asiya ölkələri hesabına genişlənəcək:
“Türkiyə ilə Azərbaycan arasında keçirilən hərbi təlimlərdə təkcə Özbəkistanı deyil, növbəti mərhələlərdə Qazaxıstanı və Qırğızıstanın da iştirakını görəcəyik. Növbəti belə təlimlərin Özbəkistanda keçirilməsi planlaşdırılır. Azərbaycan üçün də bu təlimlər böyük əhəmiyyət kəsb edir. Türkiyənin burada yaxından iştirakı təlimlərin həm çəkisini, həm də mənasını bir qədər də genişləndirir. Rusiya bundan qıcıqlanmamalı, uzaqgedən nəticələr çıxarmamalıdır”.
Rüfət Sultan,
BakuPost

Mənbə: www.bakupost.az