Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirildi - Fotolar

Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirildi -

Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Anım Günü ilə bağlı tədbirlər çərçivəsində ilk olaraq Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları və digər rəsmilər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə Gəncə şəhərinin Şəhidlər xiyabanında ümumşəhər tədbiri keçirilib. Tədbirdə rəsmilərlə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbi qulluqçuların adlarının əks olunduğu abidə ziyarət edilib. Daha sonra şəhidlərin fotoşəkillərinin əks olunduğu lövhəyə baxış keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

27 Sentyabr – Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirdə bildirilib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın 30 illik işğala son qoyulmasına və tarixi Zəfərə aparan yolun başlanğıcı olub. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə Zəfərin əsas mərhələsi tamamlanıb.

Qeyd olunub ki, 27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Şəhidlərin qəhrəmanlığının gələcək nəsillər üçün Vətənə sədaqət, mərdlik və fədakarlıq nümunəsi kimi yaşayacağı vurğulanıb.

Daha sonra din xadimi tərəfindən Vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarları üzərinə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis olunub. Bu əlamətdar gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə qeyd olunur.











Mənbə: qafqazinfo.az