ABŞ İranın sülh təklifini niyə rədd edib? - Hər şeyi birdən istəyirdilər

ABŞ İranın sülh təklifini niyə rədd edib? - Hər şeyi birdən istəyirdilər

ABŞ İranın davam edən müharibənin dayandırılması ilə bağlı təklifini qəbul etməyib. Buna səbəb Tehranın sanksiyaların aradan qaldırılması və digər tələbləri eyni vaxtda irəli sürməsi olub.

Bunu ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts CNN telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, İran danışıqlar zamanı əvvəlcə “milyardlarla dollar dəyərində sanksiyaların” aradan qaldırılmasını, daha sonra isə danışıqların davam etdirilməsini istəyib. Uolts bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramının dayandırılması ilə bağlı danışıqlarda Tehranın səmimi davrandığına əmin deyil.

Tramp daha əvvəl İranın BMT Baş Assambleyası çərçivəsində təqdim etdiyi sülh planını rədd etdiyini açıqlamışdı. ABŞ prezidenti bildirib ki, Tehran Hörmüz boğazının dərhal açılması üçün razılaşma əldə etməyə çalışır.

Tramp qarşıdakı həftə İranla yeni danışıqların keçiriləcəyini gözlədiyini də deyib. Onun sözlərinə görə, İran razılaşma istəyir, lakin Tehranın təklif etdiyi şərtlər Vaşinqtonun qəbul edə biləcəyi razılaşma deyil.

İranın xarici işlər naziri Abbas Əraqçı isə bildirib ki, münaqişənin həlli üçün yeganə yol diplomatiyadır. O, eyni zamanda ölkəsinin ABŞ-la hərbi qarşıdurmanın yenidən başlamasına hazır olduğunu, lakin diplomatiya imkanından imtina etmədiyini vurğulayıb.

İran prezidenti Məsud Pezeşkian da ölkəsinin nüvə proqramı və digər məsələlərlə bağlı danışıqlara hazır olduğunu bildirib. O qeyd edib ki, Tehran təhdid və məcburiyyətlə razılaşmayacaq.

Müəllif: Adəm Abbaslı

Mənbə: publika.az