İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təqdim edilməsi üçün hüquqi dosye hazırlanması barədə göstəriş verdiyi iddia olunur.
Bu barədə İsrailin “i24NEWS” kanalı məlumat yayıb.
Bildirilib ki, dosye İsrail Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Departamenti tərəfindən hazırlanır. Sənəddə Türkiyənin kürd siyasəti, həmçinin Ankara ilə HƏMAS arasındakı siyasi və iqtisadi əlaqələrlə bağlı iddiaların yer alacağı bildirilir.
Məlumata görə, həm Türkiyə, həm də İsrail BCM-nin təsis sənədi olan Roma Statutuna tərəf deyil. Bu hüquqi maneəni aşmağa çalışan Təl-Əviv administrasiyası məsələni birbaşa Haaqaya təqdim etmək əvəzinə, Roma Statutuna tərəf olan üçüncü bir ölkə vasitəsilə məhkəməyə çıxarmağı planlaşdırır.
İsrailli yüksək səviyyəli mənbələr isə təşəbbüsün əsas məqsədinin işi faktiki olaraq məhkəməyə çıxarıb nəticəyə çatdırmaqdan çox, hazırlanacaq dosyedən Ərdoğan və Türkiyə rəhbərliyinə qarşı beynəlxalq siyasi təzyiq və çəkindirmə vasitəsi kimi istifadə etmək olduğunu bildiriblər.
Müəllif: Roza
Mənbə: publika.az