Baltik dənizində Rusiya və Danimarka hərbi qüvvələri arasında baş verən insidentlə bağlı iki ölkə arasında diplomatiya gərginliyi pik həddə çatıb.
Sentyabrın 30-da Danimarkanın Moskvadakı səfiri Rolf Holmboe Rusiya XİN-ə çağırılıb.
Rusiya tərəfi Danimarka Hərbi Hava Qüvvələrinə məxsus “Fennec” tipli helikopterin Baltik Donanmasının “Soobrazitelny” korvetinə qarşı “qeyri-peşəkar və təxribatçı” hərəkətlərinə görə Danimarkaya qəti protest bildirib.
Xatırladaq ki, sentyabrın 15-də Danimarka Rusiya hərbi gəmisini beynəlxalq sularda onların hərbi helikopterinə atəş açmaqda ittiham etmişdi. Krallığın HHQ-si Rusiya freqatının planlı fotoçəkiliş uçuşu zamanı hava gəmisi istiqamətində iki siqnal raketi atdığını bəyan etmişdi.
Danimarkanın Müdafiə naziri Yeppe Bruus Kristensen vəziyyətin qeyri-normal olduğunu vurğulayıb, Baş nazir Mette Frederiksen isə Moskvanı Avropaya qarşı hibrid müharibəni gücləndirməkdə ittiham edib. Hadisələrin fonunda Danimarka Rusiya təhlükəsini əsas gətirərək hərbi xidmətə çağırış miqyasını genişləndirib.
Mənbə: qafqazinfo.az