Rusiya Xarici İşlər Nazirliyi (XİN) xarici vətəndaşlara, o cümlədən diplomatik nümayəndəliklərin əməkdaşlarına Ukraynanı tərk etmək və bu ölkəyə səfər etməmək barədə xəbərdarlıq edib.
Bu barədə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.
Bəyanatda bu xəbərdarlığın Rusiya Silahlı Qüvvələrinin Kiyev və digər şəhərlərdəki obyektlərə zərbələr endirməsi ilə əlaqədar verildiyi bildirilib.
Nazirlik qeyd edib ki, xarici vətəndaşlar və diplomatlar daha əvvəl də Kiyevi tərk etməyə və Ukraynaya səfərdən çəkinməyə çağırılıb. Bildirilib ki, mümkün mənfi nəticələrə görə məsuliyyət bu xəbərdarlıqlara məhəl qoymayan şəxslərin üzərinə düşəcək.
Nazirlik həmçinin ABŞ, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Norveç və İsveçrənin də öz vətəndaşlarına Ukraynaya səfərlərlə bağlı dəfələrlə xəbərdarlıq etdiyini bildirib.
Rusiya XİN qeyd edib ki, buna baxmayaraq, Kiyevdə bir sıra səfirliklər fəaliyyət göstərir və xarici rəsmilər Ukraynaya səfərlər edirlər.
Mənbə: bizim.media