Lukaşenko “Taliban”a silah və dron satır... - Media

Lukaşenko “Taliban”a silah və dron satır... -

“Taliban” Lukaşenko rejimindən silah və pilotsuz təyyarələr alır.

Bu barədə Əfqanıstan müxalifət telekanalı “Afghanistan International”, keçmiş Əfqanıstan təhlükəsizlik rəsmiləri də daxil olmaqla, beş keçmiş yüksək vəzifəli məmura istinadən bildirib.

Onların sözlərinə görə, Hindistan bu əməliyyatlarda vasitəçi kimi çıxış edir və onları maliyyələşdirir, Rusiya isə onlara razılıq verib.

Vaşinqtondakı telekanalın müxbiri Samsama Sirat bu barədə efirdə danışıb. O, son aylarda “Taliban” və Belarus nümayəndələri arasında daha çox səfərlərin olduğunu xatırladıb.

Mənbələr iddia edir ki, bu əlaqələr may və iyun aylarının əvvəlində “Taliban”ın müdafiə naziri Molla Yaqubun Moskvaya səfərindən sonra başlayıb.

Daha sonra o, Rusiya ilə təhlükəsizlik müqaviləsi imzalayıb. Rusiya rəsmiləri bildiriblər ki, müqavilə Əfqanıstanda qalan Rusiya texnikasının təmiri ilə bağlıdır.

Kabildəki “Taliban”a yaxın bir şəxs də telekanala tərəflərin razılığa gəldiyini və bunun Rusiyanın göstərişi və onun koordinasiyası altında baş verdiyini təsdiqləyib.

“Afghanistan International”-ın məlumatına görə, “Taliban” Pakistana qarşı müdafiəsini gücləndirmək üçün dron və silahlara sahib olmaq istəyir: iki ölkə arasında münasibətlər son zamanlar daha da pisləşib.

Müxbir vurğulayır ki, Belarus "heç bir halda" Rusiya ilə koordinasiya olmadan Talibana hərbi texnika, xüsusən də dron satmaz.

Eyni zamanda, Rusiya Pakistanın müttəfiqidir və jurnalistin sözlərinə görə, Pakistanı “Taliban”la əvəz etməyə hazır deyil. Əgər Pakistanda hücumlar baş verərsə və İslamabad bunu Əfqanıstanda “Taliban”ın himayəsi altında yerləşən qrupların üzərinə atarsa, Moskva bu hücumları pisləyir və terrorizmə qarşı birgə mübarizəyə çağırır.

Lakin, nəzərinizə çatdırırıq ki, Rusiya heç vaxt Pakistanın Əfqanıstana zərbələrini pisləməyib.

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının sənədlərinə görə, “Taliban” terrorçu qruplarla əlaqəlidir, buna görə də onları silahla təmin edən ölkələr daha böyük məsuliyyət daşıyırlar.

Əli Babayev

Mənbə: sia.az