Amerika Birləşmiş Ştatlarının hökuməti ölkə ərazisinə giriş şərtlərini yeniləyərək, pasportlarda istifadə olunan sərhəd ştamplarının mərhələli ləğvinə start verib. Artıq sərhədi keçərkən sənədlərdə heç bir qeydin aparılmaması ehtimal olunur. Sözügedən yenilik ABŞ-a viza ilə gələn bütün əcnəbi vətəndaşlara şamil ediləcək.
Bu barədə Rusiyanın Turoperatorlar Assosiasiyasından (ATOR) məlumat verilib.
Qeyd olunur ki, sənəddə möhürün olmaması ölkəyə girişin rəsmiləşdirilməməsi demək deyil. Bundan sonra ən əsas sənəd kimi elektron I-94 forması çıxış edəcək. Əcnəbilərin Birləşmiş Ştatlara daxil olma vaxtı və ölkədə qanuni qalma müddətinin bitdiyi tarix məhz bu rəqəmsal sistemdə öz əksini tapır.
Turistlərə sərhəd nəzarətindən keçdikdən dərhal sonra ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin saytına daxil olaraq I-94 məlumatlarını nəzərdən keçirmək məsləhət görülür.
Sərnişinlər "Get Most Recent I-94/I-95" hissəsinə keçid etməli, pasport məlumatlarını daxil etməli və "admit until date" (son buraxılış tarixi) qrafasına diqqət yetirməlidirlər. Qanuni olaraq ABŞ ərazisində qalma müddəti məhz bu tarixlə müəyyən edilir.
Bu tarixi vizanın bitmə vaxtı ilə qarışdırmaq olmaz.
Vizanın qüvvədə olma vaxtı daha bir neçə il ola bilər, lakin konkret bir səfər çərçivəsində ABŞ ərazisində qalmağa yalnız I-94 sənədində qeyd olunan tarixə kimi icazə verilir.
Bununla belə, ənənəvi ştamplardan tam şəkildə imtina olunmayıb. Bəzi hallarda, xüsusən də immiqrasiya vizası ilə səyahət edənlərdə, əlavə yoxlamalar zamanı və yaxud sərnişinin fərdi istəyi əsasında pasporta yenidən giriş möhürü vurula bilər. (Oxu.az)
Mənbə: bizim.media