Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Cənubi Koreyanın KXDR-ə tibbi avadanlıq göndərmək niyyətini təxribat və ölkənin suverenliyinə təhqir kimi qiymətləndirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Kim Yo Çjon bildirib ki, Seulun təşəbbüsünün arxasında “məkrli siyasi hesab” dayanır. Onun sözlərinə görə, Cənubi Koreya humanitar yardım görüntüsü yaradaraq KXDR-in yardımdan imtina etməsini siyasi məqsədləri üçün istifadə etməyə çalışır.
“Cənubi Koreyanın istənilən addımı - istər xoş niyyət adı altında, istərsə də düşmənçilik məqsədilə olsun çağırış, ciddi təxribat və suverenliyimizə qəsd kimi qiymətləndiriləcək”, - deyə Kim Yo Çjon vurğulayıb.
Qeyd edək ki, Seul noyabrın sonunadək KXDR-dəki xəstəxanalardan birinə 6,75 milyon dollar dəyərində tibbi avadanlıq göndərməyi planlaşdırır. Avadanlığın bir hissəsi sanksiyalara düşdüyündən Cənubi Koreya BMT-nin müvafiq komitəsindən icazə alıb.
Mənbə: publika.az