Moskvadan Kiyevə - Seçki keçirsəniz, Putin əmr verəcək ki...

Moskvadan Kiyevə -

Kiyev həqiqətən seçki keçirmək istəsə, Rusiya prezidenti Vladimir Putin seçki günü Ukraynaya hücum edilməməsi barədə əmr verməyə hazır olacaq.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurnalistlərlə keçirilən konfrans zamanı bildirib ki, "Prezident artıq bu barədə danışıb, amma bu halda mən onun adından tam məsuliyyətlə deyə bilərəm ki, əgər onlar həqiqətən seçki keçirmək istəyirlərsə, Rusiya Federasiyasının prezidenti seçki ərəfəsi, xüsusən də seçki günü Ukraynaya zərbə endirməmək barədə əmr verməyə hazır olacaq".

Oktyabrın 11-də ABŞ prezidenti Donald Tramp Zelenskinin Ukraynada seçkilər keçirməli olduğunu bildirib. O, həmçinin Zelenskini bütün dünya üçün problem yaratmaqda günahlandırıb.

Tramp Ukraynanın Rusiya ilə razılığa gələ biləcək yeni bir liderə ehtiyacı olduğunu bildirib.

Müəllif: Tural

Mənbə: publika.az