Fransada genişlənən etiraz aksiyaları ölkədəki siyasi gərginliyi daha da artırır. Tələbələrin başladığı aksiyalara həmkarlar ittifaqlarının, siyasi partiyaların və müxtəlif qrupların qoşulması etirazların ümummilli xarakter alması ehtimalını gücləndirir. Bu proseslər Fransa Prezidenti Emmanuel Makronun daxili siyasətinə, ölkənin beynəlxalq nüfuzuna və Avropada liderlik iddialarına təsirləri baxımından diqqət çəkir. Hazırkı hadisələr 2019-cu ildə Fransa siyasi həyatını uzun müddət silkələyən “sarı jiletlilər” hərəkatını da xatırladır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov danışıb.
Politoloq bildirdi ki, Fransada baş verən etirazları bir neçə il əvvəl ölkənin siyasi mühitini gərginləşdirən “sarı jiletlilər” hərəkatının davamı kimi qiymətləndirmək mümkündür. Onun sözlərinə görə, Makronun həm birinci, həm də ikinci prezidentlik dönəmində bu cür aksiyaların keçirilməsi və etirazların miqyasının böyüməsi hökumətin həyata keçirdiyi siyasətin nəticələrindən xəbər verir.
Oqtay Qasımov qeyd etdi ki, iqtisadi islahatlar aparmaq, makroiqtisadi göstəriciləri yaxşılaşdırmaq, Fransanın beynəlxalq mövqeyini və liderliyini gücləndirmək vədləri ilə hakimiyyətə gələn Makron bu vədləri tam şəkildə yerinə yetirə bilməyib. Politoloqun fikrincə, yaranmış narazılıqların qarşısının alınmasında güc metodlarından istifadə edilməsi də vəziyyəti daha mürəkkəb hala gətirir.
“Makron hakimiyyətinin həm birinci, həm də ikinci dönəmində belə etiraz aksiyalarının keçirilməsi və onların miqyasının böyüməsi Fransa hökumətinin apardığı yanlış siyasətin nəticəsi kimi dəyərləndirilə bilər”, - deyə politoloq vurğuladı.
O, bildirdi ki, Emmanuel Makron polis zorakılığından narahatlığını ifadə etsə və etirazçılara qarşı zorakılığa yol verilməməsi ilə bağlı çağırışlar etsə də, baş nazirin daha sərt tədbirlərin görülməsini nəzərdə tutan mövqeyi hakimiyyət daxilində yanaşma fərqini göstərir.
Politoloqun sözlərinə görə, Fransada yaşananlar ölkənin siyasi həyatının nə qədər təlatümlü və mürəkkəb vəziyyətdə olduğunu ortaya qoyur. Bu proseslər Makronun prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra onun siyasi partiyasının gələcəyi və siyasi səhnədə mövqelərini qoruyub saxlaması baxımından da ciddi risklər yarada bilər.
Oqtay Qasımov diqqətə çatdırdı ki, etirazlar yalnız Fransanın daxili siyasəti ilə məhdudlaşmır, ölkənin beynəlxalq nüfuzuna da mənfi təsir göstərir. Etirazçılara qarşı güc tətbiqi və polis zorakılığı ilə bağlı müzakirələr Fransanın demokratik imicinə, beynəlxalq mövqelərinə və Avropada liderlik iddialarına zərər vurur.
“Baş verənlər Fransanın Avropada liderlik iddiaları ilə üst-üstə düşmür və ölkənin imicinə kifayət qədər zərər vurur”, - deyə politoloq qeyd etdi.
O, həmçinin vurğuladı ki, etirazların genişlənməsi Fransa iqtisadiyyatı üçün də əlavə problemlər yaradır. Tələbələrin başladığı aksiyalara həmkarlar ittifaqlarının, siyasi partiyaların və digər qrupların qoşulması narazılıqların daha geniş miqyas almasına səbəb olur. Bu isə ölkədə siyasi sabitliyə təsir etməklə yanaşı, Fransanın beynəlxalq nüfuzuna və Avropada liderlik mövqeyinə dair iddialarına kölgə salır.
Politoloq sonda Emmanuel Makronun ABŞ Prezidenti Donald Trampla münasibətlərinin də mürəkkəb olduğunu xatırlatdı. Onun fikrincə, bu amil fonunda Fransada baş verən etirazların təsadüfi olmadığını söyləmək mümkündür.
Mənbə: publika.az